Bizi sosial şəbəkələrdən izləyin:
2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, iyunun 7-8-də Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dil siyasəti” adlı konfrasda “Azərbaycan və Serbiya arasında ədəbi-mədəni əlaqələr ” mövzusunda müzakirələr və mədəni-bədii tədbir keçirilib.
Bu barədə Moderator.az-a ADU-dan məlumat verilib.
Konfrans Azərbaycan mədəniyyətinin və dilinin tədrisi məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə 2018-ci ildən fəaliyyətə başlayan “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” və ADU tərəfindən təşkil edilib.
Konfrans iştirakçılarının bir qrupu 7 iyun 2023-cü il tarixində, Belqradın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2011-ci ildə açılışı həyata keçirilən Taşmaydan parkında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin şərəfinə ucaldılmış abidənin önündə anım tədbirində iştirak ediblər. ADU-nun nümayəndə heyəti, Azərbaycanın Serbiyadakı səfirliyinin nümayəndəsi, Belqrad Universitetində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəhbəri və Belqrad Universitetində təhsil alan azərbaycanlı tələbələr Ulu Öndərin Azərbaycan xalqı üçün etdiyi əvəzolunmaz fəaliyyəti və xidmətləri haqqında danışıb onun xatirəsini yad ediblər. Tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ümummilli Lideri ehtiramla yad etdikdən sonra, Taşmaydan parkında yerləşən Milorod Paviçin və partlayış zamanı həlak olmuş uşaqların xatirəsinə qoyulmuş abidələri də ziyarət ediblər.