Gədəbəy ziyalıları həyəcan təbili çalır... - VİDEO
7062
09 Jun 2023 | 09:37

Gədəbəy ziyalıları həyəcan təbili çalır... - VİDEO

Gədəbəy  rayonunda  ekologiya məhv edilir, insanların sağlamlığı təhlükə altındadır. Həyəcan təbili çalmağın zamanıdır. Videoda  gördüyünüz bu göl  Gədəbəy  rayonunda  qızıl  zavodunun  yaratdığı  zəhər gölüdür. Bu zəhər gölü tək Gədəbəyə yox, bütün bölgəyə ziyan vurur. Həm  qapalı olmadığına görə, həm də sızıntı  vasitəsilə  bu zəhər  bütün ətrafa yayılır. Dəfələrlə  sakinlər  yaxınlıqda olan təbii su mənbələrindən su içən heyvanların  öldüyünün şahidi olmuşlar. Sızıntı vasitəsilə bu zəhərin yaxınlıqdan keçən Şəmkir çayına, oradan da Şəmkir su anbarına düşməsi bütöv bir bölgənin məhvi deməkdir. Nəzərə alsaq ki, Gəncə şəhərinin böyük bir hissəsinə içməli su  Şəmkir su anbarından verilir, onda fəlakətin miqyası haqqında fikir yürütmək olar. Bu zəhər anbarlarının tikilməsində, zəhərin bura axıdılmasında heç bir texnologiyaya əməl olunmur. Yollara zibil atanda əhalini cərimələyən Ekologiya Nazirliyi, eləcə də Gədəbəy rayon İcra Hakimiyyəti nədənsə ekologiyanın belə məhv olunmasına əhəmiyyət belə vermirlər. Yaxın ətrafdakı meyvə ağacları artıq bar vermir, bar verəndə də elə ağacın başındaca xarab olur. Səmadakı quşlar da artıq bölgədən yoxa çıxıb. Xərçəng xəstələrinin statistikasına görə Gədəbəy rayonu respublikada  birinci yeri tutur.
         
Məlumat üçün bildirmək istəyirəm ki, bu göllər sianid turşusundan ibarətdir. Sianid turşusu həddindən  artıq zəhərlidir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram  olarsa insan həyatı üçün öldürücü funksiyaya malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, sianid olan havada nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür (miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez,  0,1 milliqram olduqda isə tədricən öldürür). 
       
Gədəbəydə  son illər baş verən xəstəliklərin, gənc yaşda olan ölümlərin, təbii qıtlığın səbəbi bu zəhərli göllərdir. Sızıntı və buxarlanma nəticəsində bu zəhər bütün rayona yayılır. 
         
Aidiyyatı orqanlar və kütləvi informasiya vasitələri bu məsələyə laqeyd qalmamalı, ictimaiyyətin, eləcə də  hökumət orqanlarının diqqəti bu məsələyə yönəldilməlidir, lazımi tədbirlər görülməlidir, əks halda ekoloji fəlakət qaçılmazdır.
 
ELÇIN CAVADOV
texnika elmləri doktoru

 

 

Link kopyalandı!
Son xəbərlər