Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq taksi şirkətlərinə və operatorlara xəbərdarlıq edib.
Bunu Trend-ə açıqlamasında avtomobil sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu birinci mərhələdə xəbərdarlıqdır.
"İkinci mərhələdə isə çox ağır cəzaların tətbiq olunacağını düşünürəm. Vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və ekoloji tələblərə riayət olunmalıdır. Çünki bəzi taksi sürücülərinin xanımlara qarşı əxlaqsız davranışlarına qarşı
polis nə vaxta qədər mübarizə aparacaq?Taksi fəaliyyəti qanunla tənzimlənməlidir. Aidiyyatı qurumlar da taksi şirkətlərindən və operatorlardan narazıdır. Taksi sürücüləri arasında narkomanlar, quldur, soyğunçu, davranışını bilməyən sürücülər çoxalır. Bu xidmət sahəsidirsə belə olmalı deyil. Nazirliyin xəbərdarlığı müsbət nəticəsini verəcək. Bu işlər planlı şəkildə görülməli heç kim məsuliyyətdən kənar qalmamalıdır. Cəza tədbirləri bütün qayda pozanlara tətbiq olunmalıdır", - deyə E.Muradlı bildirib.
Ekspertin sözlərinə görə, nəzarət mexanizmi ilə paralel ictimai nəqliyyatın digər növlərinə diqqət edilməlidir, metro stansiyalarının sayı artırılsa, avtobus parkları genişləndirilsə, yenilənsə, tramvay xətləri işə salınsa, insanların taksi tələbatı azalacaq və taksi sürücülərinin də sayı azalacaq.
Ölkəmizdə ictimai nəqliyyat inkişaf elədikcə bu qədər taksiyə də ehtiyac qalmayacaq.Amma bu o demək deyil ki, qeyri-normal adamlar taksi sürücüsü olmalıdırlar. Hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli şirkətlər və xarici şirkətlərin operatorları mövcuddur.
Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətlərinin operatorları tərəfindən sürücü işə götürülərkən heç bir imtahan və ya tibbi yoxlanışdan keçmədən 5 dəqiqə ərzində belə onlayn və ya "WhatsApp"la qeydiyyatdan keçirlər. Ancaq Yerli taksi şirkətləri qaydalara əməl edir. Lakin beynəlxalq transmilli şirkətlər sürücünü telofon zəngi vasitəsilə işə götürürlər. Sürücünün sürücülük vəsiqəsinə baxılmalıdır, onun ağır qəza keçirib-keçirməməsi yoxlanılmalıdır", - ekspert vurğulayıb.
Qeyd edək ki, bu həftə paytaxt ərazisində "Uber" və "Bolt" taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyatlar nəticəsində 69 sürücü müəyyən edilərək saxlanılıb.
Vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.