Müəllimlər narazıdır -
Cəmiyyət
3257
26 May 2023 | 16:51

Müəllimlər narazıdır - "Məhdudiyyət aradan qaldırılmalıdır" - Açıqlama

Əmək Məcəlləsinə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən edilib.

 

Bu yaşa çatan şəxslərin dövlət qulluğunda olma müddəti hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Buna isə yalnız 5 il icazə verilir.

Lakin bu qərar vətəndaşların etirazına səbəb olub. Xüsusən də 65 yaşı keçən müəllim və həkimlərin təqaüdə göndərilməsi doğru hesab olunmur. Sertifikasiyadan keçən müəllimlərin məhz yaş məhdudiyyətinə görə işdən azad edilməsi narazılığa səbəb olur.

 

Millət vəkili Musa Quliyev də bu qərarla razı deyil. O, özünü sağlam hiss edən, sertifikasiyadan keçən şəxslərin yaş məhdudiyyətinə görə işdən azad edilməsini ədalətsizlik hesab edir.

Bəs, bu məsələ necə tənzimlənməlidir?

 

 

 

Mövzu ilə bağlı təhsil eksperti Nadir mövcud qərarla bağlı narazılığını ifadə edib:

“Müəllimin peşəkarlıq səviyyəsinə və peşə yararlılığına sertifikasiya vasitəsilə qiymət verilirsə, yaşa konkret məhdudiyyətlərin qoyulmasına nə ehtiyac var? “Qaydalar”a əsasən, sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Bu aralıqda yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum var?”

 

O, problemin aradan qaldırılması üçün çıxış yolu təklif edib:

 

“65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Hətta bəzi müəssisələrdə təqaüd yaşına çatmış işçilərin çalışma müddəti 1 ildən artıq da uzadılır. Buraya elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir.

 

Belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədən qalma ehtiyat bazası ilə daha iki beşillik müddətində işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Bu halda yeganə çıxış yolu həmin müəllimləri işdə saxlamaq, lakin sonrakı 5 illikdə əmək haqqlarına diferensial yanaşmaqdır. Belə bir yanaşma, 60 yaşdan yuxarı olan şəxslərdə arxayınlıq hissini aradan qaldırar, məsuliyyət hissini isə bir o qədər artırar”.

 

N.İsrafilov millət vəkillərinin bu məsələ ilə bağlı təkliflərinə də diqqət çəkib:

“Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyevin fikri ilə razılaşmamaq özü ədalətsizlikdir. Bir müddət öncə millət vəkili Məlahət İbrahimqızı da yaş senzinin ləğv olunmasını tələb etdi. Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını, 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalı olduğunu qeyd edib. O hesab edir ki, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq yaş həddinin 70 yaşa qədər artırılması məqsədəuyğundur. Millət vəkili Vüqar Bayramov isə ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasına diqqət yetirib. Millət vəkillərinin təkcə yaş senzi, sertifikasiya ilə deyil, təhsilin istənilən probleminə yönəlik rəy və təklifləri alqışlanmalı, təqdir olunmalıdır”.(Bakupost.az. Az) 

Link kopyalandı!
Son xəbərlər