Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən qadınlara medalları təqdim olunub.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova bu təltifi həyatlarının əlamətdar hadisəsi kimi qiymətləndirib və onların hər birini təbrik edib.
O, çıxışında müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yoldan və siyasətdən söz açıb.
Komitə sədri bu siyasəti bütün istiqamətlərdə qətiyyətlə, daha müasir şəkildə davam etdirən Prezident İlham Əliyevin siyasi bacarığı, eləcə də xalqın dəstəyi və iştirakı ilə əldə olunan uğurlardan danışıb, müstəqilliyin hər dönəmində mövcud olan lider-xalq birliyi məsələsinə toxunub:
"Bu gün özünün təbii və insan resurslarına, mənəvi dünyasına, elmi potensialına, zəngin tarixi keçmişinə arxalanan və gələcək hədəflərinə nikbin arzularla baxan, eyni zamanda dünyaya və beynəlxalq ictimaiyyətə öz sözünü deyə bilən bir xalqıq. Dövlətini hər zaman ucada görmək üçün qətiyyətlə çalışan vətəndaş, mükəmməl qadın nümunəsini göstərən qadınların təltif edilməsi ölkənin istənilən sahəsində fəaliyyət göstərən qadınlar arasında rəqabət mühitini formalaşdırır, onları məhdud imkanlar daxilində belə iqtisadi və sosial aspektdə dəyər yaratmağa təşviq edir. Zəfərin bizə qazandırdığı qətiyyətli inam və verdiyi güc qısa müddətdə daha böyük nailiyyətlər qazanmağa, daha böyük məsafə qət etməyə ruhlandırır".
Daha sonra Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı əsasında mükafatlar təqdim edilib.
Hər il ölkə başçısının Sərəncamı ilə qadınların təltif edilməsinin Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi dəyərin göstəricisi olduğunu vurğulayan görüş iştirakçıları, bu etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə fotosu çəkilib.