Bu gün, aprelin 17-də Vətən Mühribəsi şəhidi Əli Nuru oğlu Rzalının doğum günü anadan olduğu Yardımlı rayonu Bilnə kəndində qeyd olunub. Əvvəlcə Əli Rzalının 9 il təhsil aldığı Bilnə kənd ümumi orta məktəbində anılıb. Tədbirdə məktəb rəhbərliyi, Əlinin müəllimləri, şagirdlər, kənd sakinləri iştirak ediblər. Məktəbin direktoru Himayət Rufullayev, dil-ədəbiyyat müəllimi Ələsgər Əsgərov, şəhidin atası Nuru Rzalı Əli ilə bağlı qiymətli xatirələrini bölüşüblər. Azərbaycan bayrağını, Əli Rzalının şəkillərini götürmüş məktəblilər isə qəhrəmanımıza həsr olunmuş şeirlər söyləyib, çıxışlar ediblər. Qeyd edək ki, Bilnə kənd ümumi orta məktəbinin kollektivi və kənd sakinləri hələ iki il əvvəl “Rəşadət” Ordenli Əli Rzalının adının adıçəkilən məktəbə verilməsi təşəbbüsü ilə çıxış ediblər və məsələnin müsbət həllini tapacağına əmindirlər.
Tədbirin növbəti hissəsi Əli Rzalının dəfn olunduğu Bilnə kənd qəbristanlığında, şəhidimizin məzarı başında, ruhuna dualar oxunaraq davam edib. Doğum günü tədbirində Yardımlı rayon İcra Hakimiyyətinin rəsmiləri və Vərgədüz ərazi nümayəndəliyin rəhbərliyi, şəhid valideynləri, rayon ictimaiyyətinin təmsilçiləri, ziyalılar, kənd sakinləri, Vətən müharibəsi iştirakçıları qəhrəmanımızın ailə üzvləri iştirak ediblər. Məktəblilər, fidan balalar da 21 yaşı tamam olan Əli Rzalıya, onun simasında bütün şəhidlərimizə, Vətənimizə həsr olunmuş şeirlər söyləyiblər. İbtidai sinif şagirdi Gülay Paşanın söylədiyi şeir hər kəsi kövrəldib.
Təqribən saat yarım davam edən mərasimdə Əlinin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən bəhs olunub, həmçinin onun bu, qısa həyat yolunda zəhmətkeşliyi, böyük-kiçik yeri bilməsi, səmimiyyəti, dərin zəkası və Vətənə sonsuz məhəbbəti ilə tanıyanların hər birininin sevgisini, məhəbbətini qazanmasından danışılıb. Bildirilib ki, Qarabağı azad görmək Əlinin ən böyük arzusu olub. Amma şəhid olmazdan bir neçə gün qabaq atası ilə görüşsə də, ona döyüşlərə qatılacağı barədə bir kəlmə də söyləməyib, yalnız son günlərdə bacısına sirrini açıb...
Tədbirdə bildirilib ki, 2020-ci ilin 5 mayında həqiqi hərbi xidmətə yollanan Əli Rzalı könüllü şəkildə Xüsusi Təyinatlı Qoşunlara yazılıb və N saylı hərbi hissədə xidmətə başlayıb. Təlim müddətində yüksək göstəricilər qazanmaqla komandirlərin rəğbətini və hörmətini qazanan qəhrəmanımız Vətən savaşı başlayanda gözünü qırpmadan döyüşlərə atılıb. Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında iştirak edən Ə.Rzalı Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Bu günlərdə Əlinin məzarını və valideynlərini ziyarət eədn döyüş yoldaşları Əli Rzalının cəsarətli, qorxmaz igid olduğunu, ölümün gözünün içinə dik baxaraq düşmən üzərinə getdiyini danışıblar. Bildiriblər ki, Əli Murov dağ silsiləsindəki “Koroğlu” postu istiqamətində, ağır yaralı olan komandirini düşmənin hədəfindən çıxararkən şəhid olub. Ağır döyüşlərin getdiyi 2 oktyabrda Vətən yolunda gözlərini əbədi yuman Əli elə həmin gecə, insan selinin müşayiəti ilə doğulub, boya-başa çatdığı kəndin qəbristanlığında torpağa tapşırılıb. Şəhidimizin atası Nuru Rzalı tədbir iştiraçılarına təşəkkürünü ifadə edib.
Əli Nuru oğlu Rzalı ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin cərəncamları ilə orden və medallarla təltif edilib.
Düşmənin başına od ələyən Xüsusi Təyinatlı Qoşunların qəhrəman əsgəri Əli Rzalı şəhadətə qovuşduqdan sonra aşağıdakı orden və bir sıra medallarla təltif edilib.
1. “3 dərəcəli Rəşadət ordeni” (05.11.2021)
2. “Vətən Uğrunda medalı (15.12.2020)
3. “Cəsur döyüşçü” medalı (18.12.2020)
4. “Şücaətə görə” medalı (24.12.2020)
5. “Kəlbəcərin azad edilməsinə görə” medalı (24.06.2021)
6. “Cəbrayılın azad olunmasına görə” (05.11.2021)
Allah rəhmət eləsin, ruhu şad olsun!