Kamran Əsədov: “Bu gün şagirdlərin psixoloji pasportunun yaradılmasına çox ciddi şəkildə ehtiyac var, çünki... ”
Elnur Rüstəmov: “Şagirdin psixoloji pasportunu yaradarkən müəyyən məsələlərə diqqət etmək lazımdır”
Artıq bir müddətdir ki, məktəblərdə neqativ halların artması, müəllim-şagird münasibətlərində etik olmayan hərəkətlərə yol verilməsi və sairə bu kimi məsələlər məktəblilərin psixoloji vəziyyətinin monitorinqini akullaşdırıb. Artıq şagirdlərin psixoloji pasportlarının hazırlanması istiqamətində işlər aparılır. Bəs şagirdlərin psixoloji pasportları məktəblərdə neqativ halların, məktəbli intiharlarının qarşısını nə dərəcə ala biləcək?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb. O bildirib ki, hazırda ölkədə 1,6 milyon şagird təhsil alır:
“Bu o deməkdir ki, 1,6 milyon xarakter, fərqli psixologiya və düşünmə tərzinə malik şagirdlərimiz var.
Etiraf edək ki, son 3 il ərzində məktəblərdə tədrisin təşkili, şagird-müəllim, şagirdlərin məktəb daxili münasibətlərində ciddi şəkildə neqativ halların sayı kifayət qədər artıb. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Pandemiya dövründə onlayn təhsildə iştirak etmək üçün şagirdlər planşet və digər elektron resurslarla təmin olundular. Bu zaman şagirdlərin əksəriyyəti həmin planşet və elektron resurslarında yaşlarına və psixologiyalarına uyğun olmayan informasiyalar ilə məşğul olmaya başladılar. Yekun nəticədə şagirdlər məktəbə qayıtdıqdan sonra tamam fərqli psixologiya ilə qarşılaşdıq. Müşahidə etdik ki, hansısa şagird digərinə kəsici-deşici alətlərlə xəsarət yetirdi, böyük münaqişələr baş verdi, həbs olunan şagirdlərin sayı artdı.
Təbii ki, hazırda imtahan mövsümüdür, həmçinin müəyyən qədər ailədaxili münaqişələr var ki, bu da şagirdlərin intihara meyillənməsinə, digər yaşıdlarına qarşı zorakılıq etməsinə gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, şagirdlərin psixoloji vəziyyəti ilə bağlı psixoloji pasport yaradılmasına ciddi şəkildə ehtiyac var”.
Ekspert şagirdlərin psixoloji pasportunun xüsusiyyətindən də söz açıb:
“Qeyd edim ki, şagirdlərin psixoloji pasportu ənənəvi şəxsiyyət vəsiqəsi və yaxud xarici pasport kimi kağız üzərində olmur. Bu, dünyanın bir çox ölkələrində tətbiq edilən mexanizm, hər hansı elektron data/bazadır. Yəni, psixoloji pasportda şagirdin ümumi psixoloji vəziyyəti ilə bağlı məlumat yazılır, onun hər hansı situasiya, böhran vəziyyətində, affekt halındakı reaksiyaları müəyyənləşdirilir və əgər təhlükəli hal yaranarsa, şagirdlə individual davranılır”.
Kamran Əsədov qeyd edib ki, yaradılacaq şagirdlərin psixoloji pasportu onların gələcək karyeraları üçün də mühüm əhəmiyyət kəsb edəcək:
“Məhz bu pasport nəticəsində şagirdlərin gələcəkdə ixtisas seçimini də müəyyənləşdirə bilərik. Hesab edirəm ki, psixoloji testlər, müayinələr şəxsi məlumatlardır və bunu heç də bütün müəllimlər əldə etməməli, yalnız direktor və direktor müavini tərəfindən izlənilməlidir.
Həmçinin psixoloji testlər mütəmadi keçirilməlidir ki, şagirdlərin davranışı tam müəyyənləşsin. Çünki ailədaxili münaqişələr və yaxud yetkinlik dövründə yaşadıqları münasibətlər bəzən şagirdlərin psixoloji vəziyyətinin gərginləşməsinə gətirib, çıxarır”.
Psixoloq Elnur Rüstəmov da qeyd etdi ki, məktəblinin psixoloji pasportunun yaradılması məsələsi artıq çoxdan dünya praktikasında mövcuddur:
“Bu, çox lazımlı məsələdir və dünya praktikasında da belə bir təcrübə var. Mən çox sevinirəm ki, Azərbaycanda da artıq bu praktika tətbiq olunur.
Şagirdlərin psixoloji pasportunda əsasən onların həm fiziki, həm də psixoloji sağlamlığı ilə bağlı informasiyalar qeyd olunur və məlumatlar vaxtaşırı yenilənir. Əlbəttə ki, bu çox yaxşı ideyadır. Məsələn, bir şagird bir məktəbdən digərinə keçdikdə artıq yeni getdiyi müəssisəsinin direktoru, müəllimləri onun barəsində məlumatlarla tanış ola bilir.
Bir daha qeyd edirəm ki, şagirdlər barəsində bu cür bazaların yaradılması çox yaxşı olardı. Şagirdin risk qrupunun müəyyən edilməsi, dərsə davamiyyətinin necə olması, intihara, şiddətə, zorakılığa meylli olub-olmaması və sairə barəsində məlumatın olması çox müsbət haldır. Çox zaman görürük ki, şagird bir məktəbdən digərinə keçdikdə müəyyən problemlər yaşanır, çünki getdiyi məktəb psixoloqunun onun barəsində məlumatı yoxdur. Lakin artıq bundan sonra məktəb psixoloqları məktəbə gələn yeni şagirdlər haqqında məlumatlı ola biləcəklər”.
Psixoloq bununla belə şagirdin psixoloji pasportunu yaradılarkən müəyyən məsələlərə diqqət yetirilməli olduğunu da vurğulayıb:
“Burada bir problem var, problem isə ondan ibarətdir ki, bu proses hansı üsulla aparılacaq. Yəni, şagird barəsində həmin dəyərləndirmə hansı metodikalar və testlər ilə aparılacaq? Bu metodika və testlər adaptasiya olunubmu? Və məktəbdə həmin metodikanı tətbiq etmək iqtidarında olan psixoloq varmı? Problem budur. Çünki bazaya yanlış informasiyanın yerləşdirilməsi yanlış yönlənməyə gətirib çıxaracaq.
Azərbaycanda milyon yarım təhsil alan şagird var. Əlbəttə ki, birdən-birə onların hamısı haqqında psixoloji baza yaratmaq çətindir. Daxil edilən informasiyanın düzgün dəyləndirilməsi vacibdir. Yəni, şagirdin psixologiyası hansı test və yaxud metodika əsasında müəyyən olunub, bu müəyyənləşmə nə dərəcədə doğrudur və onu məktəb psixoloqu tətbiq edə bilir, ya yox? Bütün bunlar hazırlıq prosesi görüldükdən sonra psixoloji pasportun tətbiq edilməsi daha doğru olardı”.