“Yeni qanun layihəsi ilə bağlı millət vəkillərini ən çox narahat edən tariflərdir. Bir daha deyirəm ki, qanun deyir ki, bu tariflər tənzimlənəcək. Dövlət özü qərar verəcək ki, tarif necə olmalıdır. Bu qanun qəbul olunandan sonra məcbur olacaq onu etsin”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, qanun layihəsinin bu sahənin liberallaşması ilə heç bir əlaqəsi yoxdur. “Burada söhbət ancaq ondan gedir ki, bu sahədə şəffaflığı və səmərəliliyi təmin edək, müxtəlif sahələri bir-birindən ayırmaqla orada daha çox şəffaflıq yaradaq, harada mümkündürsə, orada rəqabət üçün şərait yaradaq. Amma gələcəkdə liberallaşma mümkün olacaqsa olacaq, olmayacaqsa olmayacaq. Bu qanun bizi bütün mütərəqqi dünyanın bu sektorda fəaliyyət göstərdiyi istiqamətə aparır. Özəl investisiyaların tətbiqinə bu qanunla qərar vermiş olmuruq. Amma bu qanunu qəbul etməmək kökündən səhvdir. Hətta ən strateji sahələrdə də investisiyalar olub və bugünkü sərvətləri əldə edə bilmişik. İnvestisiyalara Yer kürəsində “yox” deyən yoxdur. Bu qanun bu imkanları bizim üçün yaradır. Bu gün “Azərenerji”, “Azərişıq” əlindən nə gəlirsə, edir. Hamı çalışır ki, dövlət siyasətinə uyğun fəaliyyət göstərsin. Amma bu o demək deyil ki, biz inkişaf etməməliyik, münbit şərait yaratmamalıyıq. İstehsal ilə ötürmə dövlətin əlindədir. Maliyyə institutları maliyyə ayırmır ki, bunlar bir yerdədir. Çünki onlar səmərəliliyi hesablaya bilmir. Lakin digər halda onlar maliyyə vəsaiti ayıra bilirlər. Bizim problemlərimiz azdır ki, öz vəsaitlərimizi özümüz qoyaq? Bəs biz sosial məqsədlər üçün vəsaitimizi haradan götürəcəyik? Ona görə hər bir dövlət çalışır ki, ölkəsinə investisiya cəlb edə bilsin. Bu qanun layihəsi potensial investisiya cəlb etməyi ehtiva edir. İstəyirik ki, dövlət qarantiya vermədən özəl şirkətlər gəlib investisiya qoya bilsin. Bu qanun layihəsi üzərində 3 ildən çoxdur işləyirik. İlk növbədə, qanun deyir ki, istehlakçıların tarifləri tənzimlənməlidir. Avropada bizə deyəndə ki, sizdə tariflər aşağıdır, deyirik ki, bizim enerji ehtiyatlarımız var. Bu gün “Azərenerji”nin tərkibində 20 stansiya var, onun da tərkibində ötürmə var. Hansı stansiya nə qədər istehsal edə bildi, o qiymətə daxildə hesablanır. Bu iki struktur ayrılanda isə sistemdə hesablama nəticəsində hansı stansiyanın nə qədər, hansı qiymətə istehsal edə bildiyi hesablanacaq” - deyə nazir əlavə edib.
Nazir onu da bildirib ki, qanunla bağlı nəticələr 5 il sonra özünü göstərəcək: “Hesablayırıq ki, 5 ildən sonra bazar əlamətləri biruzə verəcək. İnkişaf etməkdən ötrü biz gərək qanunvericiliyi təkmilləşdirək”.