Azərbaycan şahmatçısı Teymur Rəcəbov Kriştianu Ronaldo və Lionel Messini müqayisə edib.
Qrossmeyster argentinalını tarixin ən yaxşısı hesab etdiyini deyib:
“Dünya çempionluğundan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur. Daha əvvəl Kriştianuya üstünlük verirdim. Lakin finalda Fransaya qalib gəldikdən sonra Messi hər şeyi hamıya sübut etdi. Lionel Messi tarixin ən böyük futbolçusudur. Bununla belə, mən Ronaldoçuyam. Kriştianunun bədəninə necə qulluq etdiyi, hər uçuşdan sonra buz vannası qəbul etdiyi, “Real Madrid”də məşqə birinci gəldiyi və s. barədə oxumuşdum. O, super peşəkardır. Qazandığı titullara tamamilə layiq olan tarixi şəxsiyyətdir. Belə insanlar yüz milyonda birdir. Ronaldo insanın nələrə nail ola biləcəyinin nümunəsidir. Məndə belə bir hiss var ki, onun karyerası heç də bacardığı kimi bitmir. Çox şey əldə etdi, dünya çempionluğundan başqa. Futbol komanda oyunudur. Qətərdə Argentina millisi əla oynadı. Bəxtdən də çox şey asılıdır. Əgər fransızlar son saniyələrdə yüz faizlik şansı qola çevirsəydilər, indi deyəcəkdik ki, Messi heç vaxt dünya çempionu olmayacaq. İndi bu titulu Ronaldo qazanmayacaq. Amma onun gözəl idman həyatı olub”.
36 yaşlı şahmatçı böyük futbol turnirlərinin final mərhələlərini izlədiyini deyib:
“Qətərdəki çempionata baxdım. Həmişə olduğu kimi, Braziliyaya azarkeşlik edirdim. Əgər Azərbaycan millisi dünya çempionatında olsaydı, öz komandamı dəstəkləyərdim. Azarkeşlik etdiyim komanda mübarizəni dayandırdıqdan sonra konkret futbolçulara baxırdım. Məsələn, Kilian Mbappenin oyununa baxmamaq, sadəcə, mümkün deyil. Onun və Lionel Messinin meydanda etdikləri fantastikdir. Messiyə görə şadam ki, parlaq karyerasında artıq hər şeyi qazanıb”.
Mənbə: championat.com