Moderator.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) tanınmış tədqiqatçı alim Minəxanım Təkləlinin “Sarı gəlin” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan xalq mahnıları orijinal şəkildə oxuculara təqdim olunub. Tədbirdə “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Filologiya elmləri doktoru, Professor Cahangir Məmmədli, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Azərbaycan mətbuatının nümayəndələri və tədqiqatçılar iştirak ediblər.
Mətbuat Şurasının sədri
Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq xalqımızın tarixini mədəniyyətinin
dəyərini ifadə edən Sarı Gəlin kitabının əhəmiyyətindən danışıb: “10-dan çox kitabın müəllifi olan Minəxanım Nuriyevanın
kitablarında həmişə türkçülük ön planda olub. Bu kitabda da Azərbaycan türklərinin
mədəniyyətinin dərin köklərə söykəndiyini sübut edən türkülər toplanıb. Bəzi
mahnılarımız var ki, onlar dəyişdirilmiş formada cəmiyyətə çatdırılır və həmin
mahnılar öz tarixiliyini itirir. “Sarı Gəlin” kitabında bu mahnıların hamısı
araşdırılaraq düzgün, azərbaycan dilinin sadəliyi qorunaraq təqdim olunur”.
Əflatun Amaşov tədbirin təşkili üçün Filologiya elmləri üzrə fəlsəfə
doktoru Sona xanım Vəliyevaya, kitabın nəşri üçün isə Qafqaz
Universitetinin rəhbərliyinə təşəkkür edib.
Azərbaycan
Respublikasının Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Sarı Gəlin” kitabının Azərbaycan
Milli Konservatoriyasında tədris ehtiyaclarını ödəyəcəyini qeyd edib: “Minəxanım
Nuriyevanın yaradıcılığı ilə yaxından tanışam və kitablarını sevə-sevə
oxuyuram. Bu kitabı da digərləri kimi böyük dəyərə sahibdir. Burada türk tarixi
coğrafiyasının böyüklüyünü göstərən şeirlərimizin, xalq mahnılarımızın bəndləri,
sözləri pozulmayaraq əks olunub. Kitab tədris işlərində geniş istifadə olunaraq
hələ uzun illər yaşayacaq”.
Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç çıxışında qeyd edib ki, Qafqaz
Araşdırmaları İnstitutu Qafqaz Universitetinin daxilində 8 ildir ki fəaliyyət
göstərir. İnstitutun məqsədi Azərbaycan mədəniyyətinin tarixini ən doğru
şəkildə yazmaqdır. Bu günədək bu institut tərəfində 20 kitab hazırlanıb nəşr
olunub. Filologiya elmləri üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakı tədbirə
dəyər qatır, hər iki şəxsə bu fəaliyyətin ictimaiyyətə çatdırılmasında olan əməyinə
görə təşəkkür edirəm. Professor Minəxanım Nuriyevaya da kitabın ərsəyə gəlməsində
çəkmiş olduğu zəhmətə görə təşəkkür edirəm.
“Səs” Media
qrupun rəhbəri Bəhruz Quliyev çıxışında milli-mənəvi dəyərlərimizin daim
yaşaması üçün hər bir ziyalının öz fəaliyyətində bu dəyərlərə sahib çıxmasının,
qorumasının vətən borcu olduğunu vurğulayıb.
Filologiya elmləri
doktoru Minəxanım Təkləli açıqlamasında bildirib ki, bu araşdırmalar uzun
illər arxiv çalışmalarının nəticəsidir: ”Ömrümün yarıdan çoxunu bu tədqiqatlara
sərf etmişəm. Tək arxivlərdə deyil, neçə-neçə qapılar döyüb, bu araşdırmaları
aparmışam. Hər zaman müğənnilərin, bəzi xalq mahnısı ifaçılarının milli nəğmələrimizi
təhrif etməsi məni narahat edib. Bu səbəbdən də, həmin mahnıların ilkin
formalarını toplayıb Sarı gəlin adı ilə nəşr etdik ”. Minəxanım Təkləli həmçinin
vurğulayıb ki, “Sarı gəlin”in işıq üzü görməsinin əsas səbəbkarı hazırda
professoru olduğu universitet olub: “Uzun illərdir Qafqaz Universitetində
çalışıram. Buradakı Qafqaz araşdırmaları İnstitutu mənim bir sıra
kitablarımı çap edib. Bu kitab da məhz bu qurumun məhsuludur”.