Bu gün ‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-nin inzibati binasında nəqliyyat və logistika sahəsi üzrə təcrübə proqramını uğurla başa vurmuş ADA Universitetinin tələbələri ilə görüş keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ADY-nin birgə təşəbbüsü ilə həyata keçirilmiş təcrübə proqramında biznesin idarə olunması, maliyyə və hüquq fakültələrində təhsil alan 10 tələbə 5 aylıq təcrübə proqramında iştirak edib.
Tələbələr qlobal nəqliyyat şəbəkəsinin fəal tərəfdaşı olan ADY-nin həyata keçirdiyi layihələr, beynəlxalq dəhlizlərdə iştirak, yük daşımaların təşkili, böyük verilənlər bazasının hazırlanması, nəqliyyat sahəsində qanunvericiliyin təhlili, audit işinin təşkili, rəqəmsal transformasiya və s. istiqamətlərdə praktiki bilik əldə ediblər.
Tələbələr adından çıxış edən Nərgiz Məmmədova bildirib ki, təcrübə proqramı çərçivəsində beynəlxalq dəhlizlərdə yük daşımaların təşkili, dövlət investisiya proqramlarının icrası, dəmir yolu sahəsinin liberallaşdırılması və layihələrin idarə olunması üzrə əldə edilən zəngin təcrübə onların bilik və bacarıqlarını xeyli inkişaf etdirib.
ADY sədrinin müşaviri Aysel Soltanova gəncləri növbəti uğurları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda tələbələrə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.