Bizi sosial şəbəkələrdən izləyin:
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanda bütün suallara düzgün cavab verən Nihad Zeynallı 100 bal toplayaraq rekorda imza atıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan N.Zeynallı təəssüratını Modern.az-la bölüşüb.
O, magistraturaya qəbul imtahanına hazırlaşarkən bir qədər çətinlik çəkdiyini, lakin məqsədinə çatmaq üçün var gücü ilə çalışdığını deyib:
“Düzdür, proses çətin oldu. Son həftələrdə gərgin hazırlıq prosesi gedirdi. Yanvar ayı imtahandan əvvəl ən kritik aydır. Magistratura imtahanı universitet imtahanları ilə üst-üstə düşdüyü üçün bir az çətinlik olur. Mən imtahandan çıxanda ilk reaksiyam müsbət idi. Sözün açığı, 100 bal gözləyirdim. Lakin düşünürdüm ki, texniki səhv ola bilər. Tərəddüd içində idim”.
2001-ci il təvəllüdlü rekordçu bakalavr maliyyə ixtisası üzrə təhsilini davam etdirməyi düşündüyünü söyləyib:
“Hazırda heç bir fikrim yoxdur, sadəcə eyforiyadayam. Daha dəqiq seçimi qarşıdakı aylarda edəcəyəm. Yəqin ki, öz ixtisasım - maliyyə üzrə təhsilə davam edəcəyəm. Xaricdə oxumaq heç də pis olmazdı. Hələlik ölkəmizdə oxumağı planlaşdırıram. Xaricə getmək üçün qərar verməyə tələsmirəm”.
Qeyd edək ki, N.Zeynallı Şəmkirdəki “Baku Oxford” məktəbinin məzunudur.