Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq” + FOTO
Cəmiyyət
3058
02 Feb 2023 | 12:45

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq” + FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının imzalanması gözlənilir. Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı bildirib. Zahid Oruc sərəncamın may ayında, ulu öndərin doğum günü ərəfəsində reallaşacağını istisna etməyib.
 
Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya indiyə qədər dörd iclas keçirib və ümumilikdə 500-ə qədər müraciətə baxılıb.
 
Budəfəki əfvin kimlərə şamil olunacağı haqqında Oxu.Az-a danışan komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev sərəncamın nə qədər şəxsə şamil ediləcəyi haqqında indidən fikir söyləməyin çətin olduğunu bildirib. O qeyd edib ki, kimlərin əfv ediləcəyini ölkə başçısı müəyyənləşdirir:
 
 
“Əfv Prezidentin konstitusion hüququdur. Əfv komissiyası isə bu konstitusion hüququn texniki tərəflərini həyata keçirən təsisatdır. Şübhəsiz ki, komissiya hazırda böyük məsuliyyət daşıyır, biz Prezidentin etimadını doğrultmalıyıq.
 
Əfv üçün müraciətlərə baxılarkən hansı meyarlar əsas götürülür - bunu qanunvericilik konkret müəyyənləşdirir. Əfv institutunun mahiyyəti mərhəmət, humanizm prinsiplərinə söykənən addımdır. Biz şəxsin günahsız olub-olmadığına baxmırıq. Çünki məhkəmənin qərarı ilə onsuz da, bu hökm verilib. Müraciətlərə baxarkən daha çox humanizm, sosial ədalət prinsipləri, cəmiyyətin maraqları nəzərə alınır. Qərar qəbul edərkən məhkumun şəxsiyyətinə diqqət yetirməliyik. Ümumilikdə, şəxsin ailə vəziyyəti, yaşı, məhkumluq müddətində davranışı, sağlamlığı, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi, əvvəllər məhkum olunub-olunmadığı, zərərçəkmişin mövqeyi, dəymiş ziyanın ödənilib-ödənilmədiyi və s. məsələlər əsas götürülür. Həmçinin, cinayətin cəmiyyətə təsiri, dövlətin və cəmiyyətin maraqlarına nə qədər ziyan vurması, şəxsin islaha meyilli olub-olmadığı, azad edildikdən sonrakı davranışlarının analizi və s. diqqətlə araşdırılır. Komissiya üzvləri son qərar qəbul edərək rəy hazırlayarkən dövlətin, cəmiyyətin və məhkumun maraqları arasında balans gözlənilməklə addım atırlar”.
 
Əliməmməd Nuriyev onu da söyləyib ki, Əfv Komissiyası məsuliyyətli qərarlar qəbul etməyi qarşısına məqsəd qoyub: “Prezident İlham Əliyevin və cəmiyyətin etimadını doğrultmağa çalışacağıq”.
 
Qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu səbəbdən Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Sözügedən əfv sərəncamının isə “Heydər Əliyev İli” çərçivəsində, ulu öndərin doğum günü ərəfəsində imzalanması gözlənilir.  
 
Xatırladaq ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.
 
Link kopyalandı!
Son xəbərlər