3597
02 Feb 2023 | 08:56

"Gənclərimiz qürur mənbəyimizdir"

Bu gün Gənclər günüdür. Dövlət tərəfindən rəsmən elan edilmiş bu tarix ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə qayıdışından az sonra, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1995-ci ildən onun təşəbbüsü ilə hər il Gənclər Forumunun keçirilməsi, və daha sonra 1997-ci ildə Gənclər gününün təsis edilməsi  Heydər Əliyev siyasətində gəncliyin potensialına dərin inamdan xəbər verirdi. Atdığı addımlarla Heydər Əliyev həmin illərdə ölkə qarşısında sülh və müharibə ilə bağlı duran ən ümdə məsələləri həll etməklə yanaşı eyni zamanda  bir neçə onilliklər sonra cəmiyyətin hansı dünyagörüşü və düşüncə sahibləri tərəfindən istiqamətləndiriləcəyi haqqında düşünməklə zamanı qabaqlayırdı.
Heydər Əliyev öz çıxışlarından birində gənclərə ölkənin taleyi ilə bağlı daşımalı olduqları missiyanı belə ifadə etmişdi: “…Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” 2002-ci ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Gənclər siyasəti haqqında” Qanun ölkədə aparılacaq gənclər siyasətinin məqsəd və prinsiplərini, gəncliyin fəaliyyət və inkişaf istiqamətlərini müəyyən etmək baxımından uzun illərə hesablanmış fəaliyyət proqramı idi. Bu proqramı daha sonrakı illərdə böyük uğurlarla həyata keçirən Prezident İlham Əliyevin də fəaliyyətində gəncliyə verilən yer və rol dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi uğurla davam etdirildi.  
Gənclərin təşkilatlanması ilə yanaşı onların təhsil imkanlarının da genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan gənclərinin dövlət hesabına xarici ölkələrdə təhsil alması təmin olundu.  Bu məqsədlə qəbul olunmuş Dövlət proqramlarının icrası nəticəsində 5 mindən çox Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil alaraq milli iqtisadiyyatımızın, təhsilimizin və səhiyyəmizin müasir standartlar əsasında yenidən qurulması işlərinə cəlb olundu. Davamlı olaraq həyata keçirilən islahatlar silsiləsinin hərəkətverici qüvvəsinə çevrilən Azərbaycan gəncliyi tədricən ölkə həyatının bütün istiqamətlərində aparıcı mövqeyə sahib oldu. Qabaqcıl təhsil göstəricilərinə, müasir dünyagörüşünə və kreativ düşüncə qabiliyyətinə yiyələnmiş gənclik ictimai-siyasi həyatın ön cərgəsinə çıxdı və xalqın taleyüklü problemlərinin həllində öz inamlı addımlarını atmağa başladı.
Bu gün Azərbaycanı “Gənclər ölkəsi” adlandırmaq olar. Çünki bizim gənclərimiz bir sıra ölkələrdə olduğu kimi, qazanc əldə etmək və social ehtiyaclarını ödəmək üçün xarici ölkələrə üz tutmur. Əksinə, dövlətin apardığı gənclər siyasəti sayəsində xarici ölkələrdə qazandıqları bilik və bacarıqları, peşə vərdişlərini öz ölkəmizdə tətbiq etməklə xalqımız üçün yeni və firavan həyat yaradırlar. Müasir Azərbaycan cəmiyyətinin pozitiv obrazı məhz gənclərimizlə bağlıdır. Həyatımızın hər günü gənclərimizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə gözəlləşir.
Şübhəsiz ki, Azərbaycan gəncliyinin ən böyük uğuru 30 il ərzində düşmən əsarətində qalmış torpaqlarımızın işğaldan azad olunması idi. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, yüksək vətənpərvərlik ruhunda yetişmiş gənclik Azərbaycan xalqı qarşısında öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi. Bu şərəfli missiyanın həyata keçirilməsi üçün gənclərimiz həyatını belə əsirgəmədi, öz canları və qanları bahasına gələcək nəsillərin qalib və müzəffər xalq kimi yaşamlarını təmin etdilər, gəncliyin gələcək nəsilləri üçün əbədi bir qəhrəmanlıq örnəyi yaratdılar. Xalqımız onların adlarını özünün Zəfər tarixinə qızıl hərflərlə yazdı və bu adlar əbədiyyətə qədər yaşayacaq.
Bu gün ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatın bütün sahələrində gənclərin ön sırada olduğunu görmək qürurvericidir. Dövlət idarəçiliyinin demək olar ki, bütün istiqamətlərində, eləcə də beynəlxalq təşkilatlarda ölkəmizin təmsilçilik missiyasını məhz gənclər yerinə yetirir və bütün sahələrdə yeni -yeni uğurlara imza atırlar. Bütün bu uğurların mənbəyi isə dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin məharətlə inkişaf etdirdiyi uzaqgörən gənclər siyasətindədir.
 
Cavanşir Feyziyev
2 fevral 2023-cü il
Link kopyalandı!
Son xəbərlər