Hibrid avtomobil almaq istəyən ilinə baxsın: Müəyyən kateqoriya ƏDV-dən azad edilir
3278
18 Jan 2023 | 12:59

Hibrid avtomobil almaq istəyən ilinə baxsın: Müəyyən kateqoriya ƏDV-dən azad edilir

“Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı daha üç il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək”.
 
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov “Facebook” hesabında yazıb.
 
 
O bildirib ki, bu güzəştlərdə məqsəd hibrid avtomobillərinin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır.
 
“Bu, “yaşıl” enerji prinsipinə uyğun olaraq, avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.
 
Güzəştlərin tətbiq olunmasına rəğmən, ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillərin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərinin xərcinin azaldılması baxımından vacib idi”, - deyə o qeyd edib.
 
Qeyd edək ki, ötən gün ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib ki, bu gün ölkədə olan 85 min avtomobilin yaşı beş ilə qədərdir. 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur:
 
“Bu tendensiya ildən-ilə artmaqda davam edir. Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur. Hətta bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadənin artımına təsir göstərəcək”, - qurum rəsmisi qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər