Maaş və pensiya artımı bahalaşmanı sürətləndirəcək
Cəmiyyət
3190
07 Jan 2023 | 10:36

Maaş və pensiya artımı bahalaşmanı sürətləndirəcək

Artıq uzun müddətdir ki, qlobal bahalaşma adı altında Azərbaycanda ərzaq qiymətləri yüksələn xətt üzrə “inkişaf” edir. Bəzi məhsullar 50, 100 faiz bahalaşarkən, bəzilərinin qiyməti dəfələrlə artıb. Maaş və pensiya artımından sonra isə bahalaşmanın daha da sürətlənəcəyi istisna edilmir.
 
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Prezidentin imzaladığı sərəncama əsasən minimum əmək pensiyasının minimum məbləğinin artım faizi minimum əməkhaqqının artım faizindən daha yuxarı nəzərdə tutulub.
 
İqtisadçı qeyd edib ki, 2022-ci ilin əvvəlində  300 manata qaldırılan minimum əməkhaqqı 345 manat olacaq:
 
“Bu isə 15 faiz artım deməkdir. Əmək pensiyasının 280 manata çatdırılması üçün aidiyyatı qurumlardan təklflər istənilir. Böyük ehtimalla bu təkliflər dəstəklənəcək. Bu zaman artıq əmək pensiyasının məbləği 16,6 faiz artmış olacaq. 2022-ci ildə isə əmək pensiyası və orta aylıq əməkhaqqı eyni səviyyədə 20 faiz artırılmışdı.  Hazırda pensiyanın artım faizi daha artıqdır”.
 
Onun sözlərinə görə, bu artımlar eyni zamanda bazar qiymətlərinə təsir edəcək:
 
“Bazarlarda qiymət artımının olacağı gözlənilir. Dövriyyədə pul kütləsinin artması qiymətlərin bahalaşmasına, infliyasiyanın yüksəlməsinə səbəb olur. Ancaq minimum əməkhaqqının artırılması ilə əlaqədar vəsait  nə qədər ciddi pul artımları yaradacaq bu sual altındadır. Azərbaycanda təsərrüfat obyektlərinin sui-istifadə hallarına meyilli olması əməkhaqqının və ya pensiyanın miqdarının artırılması xəbəri ilə paralel olaraq dərhal bazarlarda qiymətin qalxacağını müzakirə edirik.  Müəyyən qədər bahalaşma olacaq. Ancaq bunun ciddi  fəsad yaradacağını düşünmürəm. Çünki əməkhaqqının və pensiyanın məbləğinin artması zərurətdən doğurdu”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 16,7 faiz artırılaraq 240 manatdan 280 manata yüksəldilib. 
Link kopyalandı!
Son xəbərlər