Gənclər Fondunun icraçı direktoru BDU tələbələri ilə görüşdü
Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.
BDU-nun rektoru Elçin Babayev Universitet tələbələrinin ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etdiklərini bildirib. Diqqətə çatdırıb ki, ölkənin ali məktəbləri arasında ilk dəfə BDU-da gənclər siyasəti ilə əlaqədar şöbə yaradılıb. Bu şöbə bütün gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı kimi qurumlarla yanaşı, ali məktəblər arasında ən çox üzvə malik “BDU Könüllüləri” təşkilatı da var. BDU tələbələri Xankəndi-Laçın yolunda keçirilən aksiyada da aktiv iştirak edirlər. Ermənistanın Qarabağdakı ekoloji terroruna qarşı keçirilən aksiyaya indiyədək BDU-nun 500-dək tələbəsi qoşulub.
Gənclər Fondunun icraçı direktoru Fərid Qayıbov isə çıxışında BDU tələbələri ilə artıq üçüncü dəfə görüşdüyünü vurğulayıb. Rəhbərlik etdiyi qurumun 10 il əvvəl təsis olunduğunu xatırladan icraçı direktor bildirib ki, bu illər ərzində Fond minlərlə tələbəyə müxtəlif istiqamətlərdə maliyyə yardımları göstərib.
Fərid Cəfərov Fondun əsas prioritetləri və gələcəkdə həyata keçirəcəyi yeni layihələri barədə tələbələrə məlumat verib. O, Fondun yaxın vaxtlarda ABŞ və Avropanın aparıcı universitetlərində qısamüddətli təhsil proqramlarına başlayacağını bildirib. Həmçinin bildirib ki, artıq Fond tərəfindən işğaldan azad edilən ərazilərdə könüllülük kamplarının yaradılmasına başlanılıb.
Daha sonra Fondun icraçı direktoru tələbələrin çoxsaylı suallarını cavablandırıb.