Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektorunun müşaviri, filologiya elmləri doktoru, professor Vilayət Əliyev vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.
Alim 84 yaşında dünyasını dəyişib.
Vilayət Əliyev 1938-ci ildə anadan olmuşdur. 1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərmişdir. Elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlı olmuşdur. 200-ə yaxın elmi məqalənin, “Heydər Əliyevin dil siyasəti”, “Zəngəzurda qaldı izimiz” və dilçiliyə aid bir sıra kitabların müəllifi olmuşdur. Azərbaycan MEA-nın nəşr etdirdiyi 3 cildlik «Müasir Azərbaycan dili» əsərinin müəlliflərindən biri, Azərbaycan MEA-nın Dilçilik İnstitutunun Dissertasiya müdafiə şurasının həmsədri olub.
Bundan başqa professor Vilayət Əliyev «Deportasiya», «Kitabi-Dədə Qorqud -1300», «Filologiya məsələləri», «I Beynəlxalq Türkoloji qurultay - 75», «Pedaqoji Universitetin Elmi Xəbərləri», «Ümumtürk pedaqoji fikrində əxlaqi-mənəvi dəyərlər», «Qədim Naxçıvan - 75», «Urud», «Sabaha inamla və İlhamla» və digər elmi-publisistik əsərlərin elmi redaktoru olmuşdur.
1999-cu ilin iyul ayında Türkiyədə keçirilən Türk dövlətləri və topluluqlarının VII qurultayının nümayəndəsi olmuşdur.
O, Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2001-ci il tarixdə imzaladığı sərəncamla Azərbayaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü seçilmiş, 2006-cı ildə “Əməkdar müəllim”, cənab Prezident İlham Əliyevin 2017-ci il 18 noyabr tarixli 3397 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
«91» vətənpərvər ziyalılardan biri və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.
Professor Vilayət Əliyev 1997-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır.
Allah rəhmət eləsin!