3829
07 Dec 2022 | 19:28

"Toplumdan seçilmişə doğru...Dilavər Əzimli. Seçilmiş əsərləri" kitabı işıq üzü gördü

2021-ci il martın 3-də dünyasını dəyişmiş tanınmış tarixçi alim Dilavər Əzimlinin ailəsi və dostları onun kitabını ərsəyə gətiriblər.

Bununla bağlı mərhum tarixçinin həyat yoldaşı Arzu Qaziyeva ilə həmsöhbət olduq. 

Arzu xanım bildirdi ki, kitabın çap edilməsi Dilavər Əzimlinin vəfatının birinci ilinə nəzərdə tutulsa da çatdırmaq mümkün olmayıb. "Özü sağlığında məqalələr toplusunu çap etdirmək istəyirdi, lakin sıx iş rejimi ilə əlaqədar olaraq bu niyyətini həyata keçirə bilmədi". 

"Toplumdan seçilmişə doğru...Dilavər Əzimli. Seçilmiş əsərləri" adlanan kitab tanınmış alimin iş yoldaşlarının və ailəsinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Kitabın təqdimatının dəqiq vaxtını hələlik müəyyənləşdirmədiklərini qeyd edən A.Qazıyeva bunun ilin sonuna qədər baş tutacağını söylədi. 

902 səhifəlik kitab tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin sayca ikinci kitabıdır. 

Məqalələrin böyük hissəsi Azərbaycan, bir hissəsi türk, bir hissəsi isə rus dilindədir. Tarixçinin xanımı bununla bağlı bildirdi ki, kitaba türk və rus dilində məqalələrin yerləşdirilməsi səbəbsiz deyil. "Kitaba Türkiyə türkcəsində və rus dilində də məqalələr daxil edilib ki, onların bəziləri Azərbaycan dilində olan məqalələrin tərcüməsidir. Həm Türkiyədə, həm də Rusiyada beynəlxalq elmi konfrfanslara təqdim edilmiş və çap edilmişdir. Dilavər Əzimli Türkiyənin və Rusiyanın elmi dairələrində tanındığı üçün belə bir fikir də var ki, bu kitabın nüsxələrindən həmin ünvanlara da göndərilsin".

"Kitaba ön sözü Dilavər Əzimlinin iş yoldaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov yazıb. Hacı müəllim kitabın elmi redaktorudur. Dilavərin 200-dən çox məqaləsini tarix institutunun aparıcı elmi işçiləri, dosentlər Mübariz Ağalarlı və Fərəh Hüseyn professional şəkildə saf-çürük ediblər. Saf-çürük edilən 200 məqalədən 81-i kitaba daxil edilib. Kitabda əlavə olaraq çap olunmuş 122 məqalənin siyahısını da vermişik. Bu siyahıdakı bəzi məqalələr kitaba daxil edilib. Məsul redaktor Elmar Məhərrəmov kitabı nəşrə hazırlayıb. Kitabın dizaynı və epiloqu Dilavər Əzimlinin oğlu Əlyara məxsusdur. Mən kitaba məlumat xarakterli giriş sözü yazmışam". 

Arzu Qazıyeva kitaba görə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. 

 

Qazilər.az

Link kopyalandı!
Son xəbərlər