100 ildir yaddaşlardan silinməyən məxməri səsli Şövkət Ələkbərova - FOTO
3739
04 Dec 2022 | 21:05

100 ildir yaddaşlardan silinməyən məxməri səsli Şövkət Ələkbərova - FOTO

Şövkət Ələkbərova deyiləndə SSRİ Xalq artisti titulundan öncə gözümüzün önündə kübar, xoş, nəzakətli, son dərəcə mədəniyyətli və istedadlı bir xanım, qulaqlarımıza isə məxməri, yumşaq, ürəkləri oxşayan bir səs gəlir. Bu səs o səsdir ki, 15 yaşında musiqi müsabiqəsində Üzeyir Hacıbəyli və Bülbül kimi sənətkarların diqqətini cəlb edib, riqqətə gətirib. O səs ki, mahnılara əsrarəngiz gözəllik, əvəzolunmaz nəfəs verib. O səs ki, illər boyu ürəyimizdə yaşayır və yaşayacaq. Bu il bu gözəl xanım və gözəl ifaçının 100 illik yubileyidir. Ölkəmizin dörd bir tərəfində yubiley tədbirləri keçirilir. Bəli, xalqın sevimlisi olmaq dünyasını dəyişəndən sonra da sevgi və hörmətlə anılmaq, yad edilmək, dəfələrlə dinlənilmək, ürəklərdə yaşamaqdır. 
 
“Kaspi” qəzeti Şövkət Ələkbərovanın 100 illik yubileyi münasibəti ilə məqalə dərc edib.
 
Bəstəkar Xanım İsmayılqızı da Şövkət xanımı xoş xatirələrlə yad edir:
 
“Şövkət Ələkbərova Azərbaycanın ən dəyərli, ən gözəl səs sahiblərindən biri idi. O, öz səsi, nəfəsi, özünəməxsus ifalarıyla Azərbaycan musiqisinə, mədəniyyətinə öz adını böyük hərflərlə yazdıra bilən sənətkar idi. İstər sağlığında, istər dünyasını dəyişəndən sonra Şövkət Ələkbərova ifaları bir məktəbdir. Sağlığında onun tələbələri çox olub. Amma bu gün də Şövkət Ələkbərovanın tələbələri var və onun ifa etdiyi nəğmələr o tələbələrə müəllimlik edir, öyrədir. Onu dinləyə-dinləyə Azərbaycan musiqisinin dərinliklərinə varmaq olur. Çünki Şövkət Ələkbərova istər xalq mahnıları olsun, istər klassik musiqilər olsun, istər muğam, istər estrada olsun – nə ifa etsə, onu yüksək sənət səviyyəsinə qaldırırdı. Onun səsinin mədəniyyəti var idi. Onun səsində bir kübarlıq var idi. Onun bütün davranışı, ifa tərzi – hamısı yüksək bir mədəniyyət saçırdı. Bu baxımdan Şövkət Ələkbərova Azərbaycan musiqisinə, ifaçılıq sənətinə çox böyük töhfələr verib və onun ifasında səslənən mahnılar möhürlənib. Bu gün təbii ki, o mahnıları yaşadanlar var, ifa edirlər. Əlbəttə ki, Şövkət Ələkbərovanı yamsılayanlar da var. Amma Şövkət Ələkbərova əvəzedilməz bir sənətkardır. O, zamanında çox böyük bəstəkarların mahnılarını ifa edib və həmin mahnılar sənətkar nəfəsindən keçib və sənət nümunəsi səviyyəsinə qalxa bilib, əsər olub. Bu gün də o əsərlər Şövkət Ələkbərovanı yaşadır və yaşadacaq. Onun kimi sənətkarlar həmişə məktəb olub və hələ illər, əsrlər ötəcək, amma bu məktəb öz işini görəcək, Azərbaycana neçə-neçə gözəl ifaçılar bəxş edəcək. Ruhu şad olsun!”
 
Şövkət xanımın tələbəsi, Əməkdar artist Aybəniz Haşımova bildirib ki, müəllimi dünyanın ən xoşbəxt sənətkarıdır:
 
“Çünki xalq onu hələ də sevir və mən əminəm ki, hələ uzun illər də sevəcək. Xalqını düşünüb, xalqını sevən sənətkarlar ürəklərdə daim yaşayır. Şövkət xanım bu yolda nə xidmət göstəribsə, hamısı xalqına halalı olsun. Çünki xalqımız onu bu gün də yaşadır, həmişə də yaşadacaq. Şövkət xanım bütün mahnılarında Azərbaycanı təmsil edib, Azərbaycanın varlığını, gözəlliyini, təbiətini təsvir edib. Şövkət xanımın daxili necə idisə, nəğmələrini də o cür ifa edirdi. Daxili gözəl olmayan insan heç vaxt o cür gözəl nəğmələr söyləyə bilməzdi. Allah ona rəhmət eləsin, yeri behişt olsun. Onu daim gündəmdə saxlayan, unudulmağa qoymayan, xatırlayan xalqımıza, sənətkarlara, mətbuatımıza, televiziya və radiolara minnətdaram. Təşəkkür edirəm ki, sənətkarlarına belə yüksək dəyər verir, onu belə yaşadırlar”. 
 
“Şövkət xanım Azərbaycan musiqisinə, mədəniyyətinə bir xəzinədir” deyir bir başqa tələbəsi, Əməkdar artist Almaz Orucova:
 
“Həmişə və hər yerdə deyirəm ki, Şövkət xanımın elə bircə ifası kifayət edir ki, dünyanın harasında olursa-olsun, Azərbaycan mədəniyyətinin nə qədər uca, nə qədər böyük olduğunu sübut etsin. Bu sənətdən, bu səsdən, bu məktəbdən nəinki biz tələbələri, bütün Azərbaycan – sənətdə addım atan hər bir insan bəhrələnib, bəhrələnir və bəhrələnəcək. Biz tələbələri - Aybəniz xanım, Aygün xanım, Firuzə xanım - hər zaman Şövkət xanıma borcluyuq. Çox şanslı insanlarıq ki, böyük bir sənətkarın tələbəsi olmuşuq. Bu böyük sənətin, bu səsin, bu xanımlığın, bu şəxsiyyətin şahidi olmuşuq. Biz oxuyanda Şövkət xanımın səhhəti ilə əlaqədar evində dərs alırdıq. O evdə, o ocaqda qonaq olmuşuq, o evin çörəyini yemişik. Şövkət xanım bizə bir ana qayğısı ilə, ana sevgisi ilə yanaşırdı. Mən ona ömür boyu borcluyam! Bu il Şövkət xanımın 100 illiyi qeyd olunur. Nə gözəl! Mənə elə gəlir ki, bu səs, bu sənət 100 il yox, 100 əsr Azərbaycana bir ərməğandır. Şövkət xanım, əlbəttə ki, əvəzolunmaz bir sənətkardır. Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti Şövkət xanımın sənətini daim qoruyub saxlayır və saxlayacaq”.
 
Şövkət xanım sağlığında Rafiq Hüseynova verdiyi sonuncu müsahibəsində bütün narahatlıqlarına baxmayaraq, xoşbəxt olduğunu vurğulayıb. Bəli, Şövkət xanım başına gələn bütün müsibətlərə rəğmən, xoşbəxt xanım idi. Bu gün də ruhu şaddır!
Link kopyalandı!
Son xəbərlər