“Çarpışmaların, çəkişmələrin olduğu verilişi mən Lalə Azərtaşa yaraşdırmıram”
“Yaşa dolmuş sənətkarların teatrdan uzaqlaşdırılmasının tamamilə əleyhinəyəm. Qanun onu pozmaq üçündür. Qanunları yazırlar da, pozurlar da. Baxmayaraq ki, belə bir qanun hələ də rəsmi şəkildə qüvvəyə minməyib. Mən 65 yaşı tamam olan heç bir aktyorumu, musiqiçimi işdən azad etməmişəm. Mənim dostum Nəsib müəllimin iki ildən sonra 70 yaşı tamam olacaq. Mən ona necə deyim ki, ay Nəsib müəllim, sən daha bizə lazım deyilsən, get. Gələn ay mənim də 65 yaşım tamam olacaq. Aktyor səhnədə ölməlidir, onun cənazəsini səhnədən götürüb, dəfn etmək lazımdır. Ruslarda insult olub, ayaqları tutulan, yeriyə bilməyən aktyorları əlil arabasında səhnəyə çıxarırlar”
Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov deyib. O daha sonra əlavə edib.
“Bizim Zahid Mehdiyev adlı bir işçimiz var. Onun heç bir fəxri adı yoxdur, təkcə fəxri döş nişanından başqa. Mən Mədəniyyət Nazirliyinə zəng edib bildirdim ki, bizim teatrı quranlardan biri də Zahid Mehdiyevdir. 80-ci illərdən bir yerdə Ağdamda işləmişik, sonra Şuşa teatrını bir yerdə qurmuşuq. Onlara dedim ki, icazə verərsiniz onu teatrda saxlayım? Dedilər ki, saxla! Onu mən teatrdan çıxarmadım, razılıqla saxladım. Mən radio dinləyicisiyəm, evdə də, maşında da radioya qulaq asmağı sevirəm. Bir dəfə radioda Mirvari Novruzovanın müsahibəsinə qulaq asdım. Onu da zorla, qışqırda-qışqırda pensiyaya çıxarmışdılar. Müsahibəsində o deyirdi ki, “mən bu yaxınlarda öləcəyəm, amma məni teatrdan çıxarıblar. Çox sağlam adamam. Deyirlər ki, otur evində nəvənə bax. Mən evdə nə qədər nəvəmə dərs hazırlatdırmalıyam, ona baxmalıyam?! Mən teatrda doğulmuşam, orada da ölmək istəyirəm”. Qısa bir vaxtdan sonra Mirvari xanım rəhmətə getdi. İnanın onun bu müsahibəsi məni o qədər kövrəltmişdi ki. Mənim dostum Yasin Qarayev sapsağlam adamdır, məndən də qıvraqdır. Yasini teatrdan niyə çıxarırsan?! Lap Tariyel Qasımov olsun. Nişanlı oğlana oxşayır. Olsun Məsumə Babayeva.. Aidiyyatı qurumlardan bir səriştəli adam qabağa çıxıb deməlidir ki, aktyora toxunmaq olmaz. Cavan aktyoru qrim edib 80 yaşlı qoca kimi səhnəyə çıxarmaqdansa, elə həmin rolu qocaman aktyoruna ver də. Neçə ildir səninlə çiyin-çiyinə işləyən adama necə deyib, elan edəsən ki, sən daha sabahdan işə gəlmə! Mən özümün çıxmağıma razı olaram, amma bunu bacarmaram. Yəqin ki, bu məsələyə yenidən baxılacaq. Mədəniyyət nazirimiz də yenidir, yəqin ki, o bu mövzu ilə bağlı qərarlar qəbul edəcək. Qocaman aktyorlar bir məktəbdir, onların havası elə cavanları vursa bəsdir. Mən xahiş edirəm aktyorları o yaşlarında pensiyaya çıxarmayaq. Onsuz da o görsə ki, qocalıb, səhnəyə çıxa bilmir, özü gəlməyəcək. Onlar həssas adamlardır” deyə sənətkar bildirib.
Yadigar Muradov Xəzər televiziyasında “Təsir dairəsi” verilişində baş verənlərə də münasibət bildirib.
“Dünən bizim teatrın binasında aparıcı Lalə Azərtaşın “Şuşanın 270” anı filminin bağlanış mərasimi oldu. Şəxsən mən aktyor olduğumu unutdum. Lalə xanım çox istedadlı insandır. 19 dəqiqəlik filmdir, elə gözəl çəkilib ki. Lalə xanıma dedim ki, sən niyə belə yaxşı adamsan?! Özü də gülüb getdi. Mən hər zaman yaxşı adamlara belə deyirəm. Dünən o şəhid anaları ilə, qazilərlə elə söhbətlər etdi ki, mən sözün yaxşı mənasında öldüm, ölümdən qayıtdım. O verilişi mən Lalə xanıma yaraşdırmıram. Fədakar insandır. Çəkişmələrin, çarpışmaların, qalmaqalların olduğu bir yerdə onun aparıcılığını istəmirəm. Onu daha ciddi layihələrdə görmək istəyirəm. O ki, qaldı verilişdəki çəkişmələrə... Çox xoşagəlməz hal idi. Baba Vəziroğlu mənim çox sevdiyim şairdir, həddindən artıq. Elə bil Anar müəllim heç onun qardaşı deyil. Yekə kişisən, bu nədir? Birincisi sən kişisən, kişi qadını yola verər. Gərək qadın da yerini, yurdunu, oturuşunu, duruşunu bilsin. Bu olmasa yaxşıdır” deyə sənətkar bildirib.