Özbəkistanda
3184
28 Nov 2022 | 12:13

Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək - FOTO

Cari ilin 9 dekabr tarixində Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ölkənin elm, təhsil nümayəndələri, alim və tədqiqatçıların iştirakı ilə «Türkistan və Qafqazın unikal tarixi xəritələri» adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinın açılışı nəzərdə tutulub.
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Özbəkistan Mədəniyyət Nazirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək göstərir.
 
Daşkənd Dövlət Pedaqoji Universitetin mərkəzi foyesində nümayiş etdiriləcək Sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə Sovet dövrünə aid tarixi xəritələrinin surətləri nümayiş etdiriləcəkdir.
 
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Toplantısı çərçivəsində Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu və Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyinin təşkilatçılığı ilə nümayiş etdirilən Türkistanın unikal xəritələri və tarixi fotoşəkillərinin də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində nümayişi nəzərdə tutulub. Bu xəritələr məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edilmiş və türk xalqlarının tarixini və yayılmasını əks etdirir.
 
Türkistan və Qafqaza dair tarixi xəritələrin sərgisinin keçirilməsi barədə təklif Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla keçirilən görüş zamanı irəli sürüb. Görüşdə Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən «Yustinian hakimiyyətinin sonlarına doğru Avropa» (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini Samir Abbasova hədiyyə edib. Xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.
 
Samir Abbasov görüş zamanı xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyanın bir sıra muzeylərində yanlış xəritələrin sərgiləndiyini bildirib. O, regiona dair saxtalaşdırılmamış və həqiqəti əks etdirən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.
Link kopyalandı!
Son xəbərlər