BMT-nin Baş Assambleyasının qərarı ilə hər il noyabrın 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər şəxsləri, İnsan Hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Mediasiya Şurasının sədri Nadir Adilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, digər dövlət qurumlarının və təşkilatların, elm və təhsil müəssisələrinin təmsilçiləri, vəkillər, vətəndaş cəmiyyəti institutları, hüquqşünas tələbələr və media nümayəndələri iştirak ediblər.
Onlar əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrin fəaliyyəti və yaradılmış müasir şəraitlə tanış olublar.
Dayanıqlı İnkişaf üzrə 5-ci (Gender bərabərliyi), 10-cu (Bərabərsizliyin azaldılması) və 16-cı (Sülh, ədalət və səmərəli institutlar) məqsədlərə nail olunmasında qarşıdakı perspektivlərə həsr olunan tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova iştirakçıları salamlayaraq ölkəmizdə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması məsələlərinin daim diqqət mərkəzində olmaqla bu sahədə mühüm addımların atıldığını, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıqda həyata keçirilən layihələri vurğulayıb. Bildirib ki, Ədliyyə Nazirliyi rəhbərliyinin təmsil olunduğu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında rolu çox böyükdür və Şura tərəfindən ötən dövrdə bu istiqamətdə mühüm əməli işlər görülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov qeyd edib ki, ailə institutunun möhkəmləndirilməsi, uşaqların və qadınların hüquqlarının müdafiəsi dövlətin əsas prioritetlərindən biridir. Bildirib ki, bu istiqamətdə dövlət başçısının rəhbərliyi ilə ardıcıl islahatlar aparılır. O, cəza-icra qanunvericiliyi təkmilləşdirilərək qadın məhkumların hüquq və imtiyazlarının gücləndirildiyini, yeni penitensiar müəssisənin istifadəyə verilərək saxlanma şəraitinin müasirləşdirildiyini, onların cəmiyyətə reinteqrasiyasına xüsusi önəm verildiyini vurğulayıb.
İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib ki, qadınların cəmiyyətə transformasiya olunması, dövlət qurumlarında yer tutması ulu öndər Heydər Əliyevin apardığı siyasətin nəticəsidir. Bu gün qadınlara kişilərlə bərabər hüquqların verilməsi dövlətin bu sahədə apardığı islahatların nəticəsidir. Bu da cəmiyyətin müxtəlif sahələrində qadınların yer tutmasına səbəb olur.
Diqqətə çatdırıb ki, şəhərdə və regionlarda qadınların hüquqlarının müdafiəsi, gender bərabərliyi sahəsində ciddi işlər görülür.
Səbinə Əliyeva azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası məqsədilə mütəmadi görüşlər, müzakirələr aparıldığını bildirərək qeyd edib ki, qadınların istehsalat və əmək müəssisələrində fəaliyyət göstərməsi onların islah olunmasına dəstək verəcək. Bundan əlavə, Bakı Dövlət Universitetində “Genderə giriş” fənni tədris olunur".
Çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününün bu cür müasir penitensiar müəssisədə qeyd olunmasından məmnunluğunu ifadə edərək müəssisəyə ilk səfərini və burada yaradılan şəraiti yüksək qiymətləndirib: “Müəssisə ilə tanış olarkən gördüm ki, burada qadınlara asudə vaxtlarını səmərəli keçirmələri, yeni peşələrə yiyələnərək müəssisənin istehsalat sahələrində müəyyən məhsulları hazırlamaları, onların satışından hətta müəyyən gəlir əldə etmələri çox sevindirici haldır. Çox yaxşı olardı ki, peşə fəaliyyətində seçimlər genişlənsin. Qadınların cəzaçəkmə müəssisəsində gəlir əldə etməsi vacib əhəmiyyətə malikdir. Çünki onlar azadlığa çıxdıqdan sonra hər hansı işlə məşğul olsunlar".
Sonra çıxış edən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn Hüseynov gender bərabərliyinin təmin olunması, qadın zorakılığına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən danışıb, bu sahədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun görülən işlərə toxunub. Bildirib ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması tək bu gün yox, hər zaman diqqətdə saxlanılmalıdır. Qadın hüquqlarının qorunması beynəlxalq təşkilatların də əsas diqqətində olan mövzulardandır.
Tədbirdə gender bərabərliyinə nail olunmasında, eyni zamanda, qadınların səlahiyyətlərinin genişləndirilməsində və onların iqtisadi resurslara bərabər çıxış hüquqlarının yaradılmasında Dayanıqlı İnkişaf Məqsədlərinin rolu, qadın və qızlara qarşı bütün formalarda zorakılığın aradan qaldırılması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti, qadınların hüquq və azadlıqlarının təmin olunmasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinin vacibliyi, uşaqlara qarşı pis rəftar, onların istismarı və ümumiyyətlə bütün formalarda uşaq zorakılığına qarşı mübarizə üsulları məsələləri müzakirə olunub.
Sonra qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin ifasında konsert proqramı keçirilib.
Tədbir çərçivəsində Landau Məktəbinin dəstəyi ilə pulsuz ingilis dili (lELTS) kursunun açılışı olub, Vəkillər Kollegiyasının “Qadın vəkillər” alyansı tərəfindən pulsuz hüquqi yardım aksiyası, “İçəri şəhər” Muzey Mərkəzi tərəfindən “Qurama” sənəti üzrə ustad dərsi keçirilib, qadın məhkumların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.