Vüqar Rəhimzadə: YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik
Cəmiyyət
2756
22 Nov 2022 | 18:09

Vüqar Rəhimzadə: YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik

“Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini təntənə ilə qeyd etdi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbirdəki proqram xarakterli, dərin məzmunlu nitqi 30 illik çətin və  şərəfli yolun, bu fonda  perspektivlərin təqdimatı oldu. Yeni Azərbaycan Partiyasının hansı şəraitdə yarandığını, bütün çətinlikləri tutduğu yola sadiqliyi ilə dəf etməsini xatırlamaqla bugünkü inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeydə edə bilərik. YAP xalqın partiyasıdır. Çünki partiyanın sıralarında bütün kateqoriyadan olan insanlar təmsil olunur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyada təmsil olunan hər kəs bu yenilməz siyasi qüvvənin adında ehtiva etdiyi məqamları önə çəkərək daim müasir müstəqil Azərbaycanın davamlı uğurlara imza atmasına dəstək olmaq üçün səy göstərir.
 
Prezident, YAP Sədri İlham Əliyev partiyamızın yaranmasının 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdi ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmiş, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın  vətənpərvər, ölkənin gələcəyini düşünən insanları nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Onlar məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 550 nümayəndənin  iştirakı  və  burada qəbul olunan tarixi qərarlar ölkəmizin həyatında yeni səhifənin açılmasına gətirib çıxardı. Bu mühüm addımın atılmasından 7 ay sonra YAP iqtidar partiyasına çevrildi.
 
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ölkəmizin siyasi mənzərəsi tamamilə dəyişdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyin əsasları yaradıldı. Ən əsası dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tariximizin  qara səhifəsi bağlandı.”
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
 
Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqində ehtiva olunan çağırışlardan geniş bəhs edərək bildirib ki, Azərbaycanın bütün sahələrdə malik olduğu imkanlar, eyni zamanda, hər bir işin sistemli şəkildə həyata keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Ulu öndər Heydər Əliyev dühasından yaranan YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik. Azərbaycanın bu illər ərzində böyük inkişaf yolu keçdiyini hər bir sahədə təcrübəsinin nümunə olduğunu, sözü ilə imzası arasında heç bir fərqin olmadığını bildirən dövlət başçısı İlham Əliyev bu uğurlarla bərabər, onu əlavə etdi ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə,  bütün bunlar gündəlikdə duran məsələlərdir. Ölkə Prezidenti bu əminliyi ifadə etdi ki,  bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan  islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün ölkəmizə  mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.
 
 Hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolu inkaredilməzdir. İqtisadi cəhətdən başqasından asılı olan ölkələr müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu məqam hər zaman önə çəkilir.  Ölkə Prezidenti sözügedən nitqində də iqtisadi amilin müstəqil siyasətdə roluna diqqəti yönəldərək bildirdi ki, hər zaman siyasətimizin ancaq xalqımızın iradəsini əks etdirməsini istəyirdik. İstəyirdik ki, heç bir kənar qüvvə iradəmizə təsir edə bilməsin. İqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilir.”
 
  YAP Xətai  rayon təşkilatının sədri diqqəti 2003-cü ildən bu günədək Azərbaycanın qazandığı uğurlara yönəldərək bildirib ki, Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək,  Ulu Öndərin şəxsiyyətinə  dərin hörmətini ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi: “Cənab İlham Əliyev Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu vədini açıqladı ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.  Son 19 ilin hadisələri göstərir ki, belə də oldu. Ulu Öndərin bütün tapşırıqları,  tövsiyələri yerinə yetirildi. Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi. Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli müraciətində axıra çatdıra bilmədiyi taleyüklü məsələlərdən bəhs edərkən sözsüz ki, Qarabağ məsələsini nəzərdə tuturdu. Bunun üçün Azərbaycan gücləndi, ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 8 Noyabr tarixi xalqımızın yaddaşında əbədi olacaq. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi həmin gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. 2020-ci il noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan Zəfər müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.  Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər Əliyevin  sonuncu vəsiyyəti də yerinə yetirildi.”
 
 “Artıq işğalçılardan təmizlənmiş torpaqlarda bərpa-quruculuq işləri geniş vüsət alıb” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun  cənnətə çevrilməsi hər bir azərbaycanlını qürurlandırır. Böyük Qayıdış proqramı davamlı şəkildə icra edilir. Dövlət başçısı İlham Əliyevin çağırışlarla zəngin nitqi 30 ilin uğurlarının növbəti illər üçün  möhkəm baza olduğunu  təsdiqləyir.
Link kopyalandı!
Son xəbərlər