Güneyin haqq səsinə səs vermək vəfa borcumuzdur: İran rejimi Əsəd yolunu seçib...
Cəmiyyət
4392
20 Nov 2022 | 20:18

Güneyin haqq səsinə səs vermək vəfa borcumuzdur: İran rejimi Əsəd yolunu seçib...

(Aylar Həqqinin və Arşiya Sultaninin ruhuna ithaf)

Artıq üçüncü aydır ki, İranda baş verənləri həyəcanla izləyirik. Təbii ki, bölgəmizdə sabitliyin pozulmasına yönəlik hər bir cəhdin əleyhinəyik və daim dinc, təhlükəsiz, mehriban qonşuluq şəraitində yaşamağın zəruriliyini bəyan edirik. Bu mənada qonşu ölkədə yaşananlara biganə deyilik. Ancaq xüsusi narahatlığımız Güney Azərbaycanda, Tehran daxil, İranın müxtəlif şəhərlərində yaşayan 40 milyondan artıq soydaşımızın - türklərin taleyi sarıdandır.
 
Çox təəssüf ki, artıq silahlar işə salınıb və toqquşmalar Güney Azərbaycanın müxtəlif şəhərlərində baş verir, itkilərimiz var. Azadlıq, Ədalət, Milli Hökumət hayqıran fədakar soydaşlarımız qurbanlar verirlər, yaralıların, həbsə atılanların sayı durmadan artır, bütün bunlar Azərbaycanın şimalında yaşayan bizləri ciddi şəkildə narahat edir.
Qəddar İran rejimi isə kürd əsilli qızın qətlinə dinc şəkildə etiraz edən insanlara qarşı ağlasığmaz cəza üsullarından istifadə etməklə aksiyaları zorakı müstəviyə yönəltməyə üstünlük verdi və bununla da guya “xaricdən himayə və idarə olunan” etirazçıları susdurmaq üçün tətbiq etdiyi sərt tədbirlərə bəraət qazandırmaq niyyətindədir. Artıq yüzlərlə insanın edam olunmasına zəmin hazırlanır. Belə görünür ki, İran fars rejimi uzun illərdir həbsxanada saxladığı insanların gözünün odunu almaq, onların etirazlarını beşikdəcə boğmaq üçün məqsədli şəkildə özü təxribatçı addımlar atıb, elə “əxlaq polisi”nin əxlaqsızcasına gənc qızı döyərək öldürməsi də məhz hazırlanmış planın tərkib hissəsi olub. Budur, iki gün əvvəl daha bir azərbaycanlı, tibb fakültəsinin tələbəsi Aylar Həqqi qətlə yetirildi, hətta onun dəfn mərasiminə azğın hücum oldu. 
 
Noyabrın 17-də isə Zəncan şəhərində Arşiya Sultani adlı 12 yaşlı uşaq hökumət məmurlarının açdığı atəş nəticəsində həlak oldu.
 
 
İranda iki ay ərzində qətlə yetirilən 400-dək dinc etirazçının 56-sı uşaqlardır ki, bu da dəhşətli rəqəmlərdir. Görünən budur ki, İran nə beynəlxalq təşkilatların, nə də aparıcı paytaxtların sanksiyalarının qarşılığında geri çəkilmək istəyir. Rejim anlayır ki, xalqa qarşı ağır cinayətlər törədib və bunun cavabını verəcək, o səbəbdən Bəşər Əsəd yolunu seçib. Bu gedişlə ölkədə vətəndaş müharibəsinin baş verəcəyi təhlükəsi var. Necə deyərlər: tamaşanın əvvəlində divardakı xalçanın üzərində silah asılıbsa, sonda mütləq atəş açılacaq... İrandakı faciəli “tamaşa”nın əvvəlində artıq atəş səsləri eşidilir, insanlar qətlə yetirilirsə, sonu daha dəhşətli olacaq ehtimalı ortaya çıxır.
 
Bəs, bu durumda Azərbaycan dövləti necə davranmalıdır?
 
Reallıq bundan ibarətdir ki, fars rejimi Azərbaycan Respublikası ilə düşmənçilik aparır, sərhədlərimizdəki hərbi təlimlər, ərazilərimizə sərsəm iddialar, təhdidlər, ölkəmizə narkotik maddələrin ötürülməsini stimullaşdırması, bununla Azərbaycanla səssiz müharibə aparması, cinayətkar sərhəd pozucularını görməzdən gəlməsi, ən nəhayət, fədakar DTX əməkdaşlarının ifşa etməkdə olduğu casus şəbəkələri müsəlman qonşumuzun anti-müsəlman davranışlarının bariz nümunələridir. Şübhə etmirik ki, dövlətimiz qətiyyətlə sözünü bundan sonra da deyəcək, amma bu yolda dövlətimizə dəstək olmaq, milli birliyimizi qorumaq hər birimizin müqəddəs borcudur. Bu, aylardır qanlı rejim qarşısında ayaqda olan, canından keçən güneyli qardaş-bacılarımızın da əsas gözləntisidir. Ermənistanla çiyin-çiyinə dayanan bir rejim Azərbaycan dövlətini, bayrağını özünə təhlükə gördüyü üçün Azərbaycanın şimalı ilə cənubu arasında intensiv əlaqələrin olmasına da hər zaman maneçiliklər yaradıb. Amma nə əsrlərin Araz həsrəti, nə də digər maneələr ürəkdən-ürəyə gedən yolları qapaya bilib. “Haray, haray, mən türkəm!”, “Bakı-Təbriz, Ankara! Biz hara, farslar hara?” nidalı güneyli soydaşlarımızın tezliklə bu istibdad zəncirini qırması üçün dualarımızı əsirgəməməliyik, ən azı...
 
Milli Məclisin son iclaslarında İran rejiminin anti-Azərbaycan davranışlarına etirazlar ifadə olunması ilə yanaşı, Cənubi Azərbaycandan olan gənclərin Azərbaycan Respublikasında güzəştli şərtlərlə təhsil almasına şərait yaradılması təklif edildi ki, bu, çox vacib məsələdir. Azərbaycan dövləti bütün dünyada yaşayan soydaşlarımızın Vətənidir, həmçinin Güney Azərbaycandakı qardaş-bacılarımızın. Güneydəki aksiyalarda Prezident İlham Əliyevin portretlərinin qaldırılması, Azərbaycan bayrağının müxtəlif ünvanlarda dalğalanması milyonlarla soydaşımızın bir gözünün Bakıda olduğunu göstərir. Odur ki, baş verənlərə biganə qalmamalıyıq. QHT-lərimiz Güney Azərbaycan xalqının pozulan hüquqları barədə beynəlxalq təşkilatlara gündəlik hesabatlar, məlumatlar göndərməli, soydaşlarımızın ana dilində təhsil almaq, normal yaşamaq hüququnun təmin edilməsi, qanunsuz təqib olunmalarına son qoyulması, həbsxanalardakı minlərlə fəalın - başda lider Abbas Lisani olmaqla dərhal azad edilməsi tələbini irəli sürməlidir. Demokratiya heç bir ölkənin daxili işi deyil, o cümlədən İranın. Azərbaycan Respublikasında bir farsın burnu qanasa, İran dərhal nota verər ölkəmizə, buna əmin olun. Amma aylardır ki, Azərbaycan türklərinin dinc etirazları qanla boğulur, bizim siyasi-ictimai təşkilatlar baş verənlərə biganə qalmamalı, rəsmi qurumlarımız hərəkətə keçməli, mümkün təsir imkanlarından istifadə etməlidir. İranın Azərbaycandakı səfiri XİN-ə dəvət olunmalı, İrandakı azərbaycanlılara qarşı repressiyalara son qoyulması tələb olunmalıdır. Eyni zamanda Milli Məclisin İranda və xüsusilə də Cənubi Azərbaycandakı soydaşlarımızın durumu, milli və təbii haqlarının boğulması ilə əlaqədar xüsusi iclasının keçirilməsi, dinləmələrin təşkili, parlamentdə soydaşlıq haqqında qanunun qəbulu və sair addımların atılmasını da zəruri hesab edirəm. Biz Azərbaycan Respublikası olaraq postiran dövrünə hazır olmalıyıq. Gec-tez bu rejim və xalqlar həbsxanası dağılacaq, azadlıq günəşi Güney Azərbaycan türklərinin də başının üstündə doğacaq. O zaman üçün bizim aydın konsepsiyamız, proqramımız olmalıdır. Hətta İran rejiminin zindanından azad olacaq xalqımızın mütəxəssislərlə təmin olunması, bunun üçün ana dilində yüksək təhsil görmüş kadrların hazırlanması vacib məsələlərdəndir. Artıq ox yaydan çıxıb və nə İran-Azərbaycan münasibətləri indiyə qədər olduğu məcraya qayıdacaq, nə də İran daxilindəki xalqlar fars rejiminə və onun əlaltılarına ənənəvi münasibəti sərgiləyəcəklər, çünki qan tökülüb, araya ədavət toxumu səpilib.
 
Bu günlər beynəlxalq aləmə duyurmalıyıq ki, dünyanın böyük bir xalqı iki əsrdən çoxdur parçalanmış durumdadır, onun böyük hissəsi bütün azadlıqlardan məhrumdur. Elə olmamalıdır ki, İranla bağlı hansısa plan masada olanda İrandakı kürdlər, bəluclar, ərəblərin taleyindən bəhs olunsun, amma 40 milyonluq türk etnos “unudulsun”. Bu mənada bütün resurslarımızı işə salmalıyıq. Hörmətli Anarın rəhbərliyi ilə Yazıçılar Birliyinin səsi, etirazı eşidilməlidir, Güney Azərbaycan şair-yazıçılarının repressiya olunmasıyla bağlı hörmətli Rəşad Məcidin rəhbərliyi ilə Mətbuat Şurası dünyaya çağırış etməli, İrana etirazını bildirməlidir, güneyli media təmsilçilərinin təqib olunmasına görə Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, digər qurumlar hərəkətə keçməlidir. Cənab Prezident ən sərt şəkildə məscid dağıdan ökənin dostuna ünvanlı mövqeyini ifadə etdi, hətta Şeyx həzrətləri də İrana deməli olan sözləri dedi, mövqeyini ifadə etdi, hər birimizin mövqeyi ortada olmalıdır. Arazın o tayı da, bu tayı da bizim doğma el-obamızdır, unutmayaq! Arazın o tayındakı bacı-qardaşlarımız Azərbaycan ordusunun zəfərinə necə sevinir, fəxarət duyurdular, hamımızın xatirindədir. Güneyin haqq səsinə səs vermək bizim vəfa borcumuzdur!
 
Elşad Paşasoy,
Musavat.com
Link kopyalandı!
Son xəbərlər