Son illərdə seriallar gündəlik həyatımızın bir parçasına çevrildi desək, yəqin ki yanılmarıq.
Telekanallarımızda yayımlanan milli seriallarımız haqqında isə rəylər müxtəlifdir. Bir sıra hallarda bu seriallar ciddi tənqid atəşinə tutulur. Bəzi sənətçilər serialların bəsitliyindən, zəif aktyor oyunundan ssenarinin pis yazılmasından, bəziləri isə peşəkarların seriallara dəvət edilməməsindən şikayətlənir.
Bəs görəsən, həmin seriallara çəkilənlər özləri bu ittihamları qəbul edirlərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Fatma Mahmudova seriallara dəvət almamasından gileylənən həmkarlarına cavab verib:
“Orta yaşlı aktyor və aktrisalar bundan gileylənirsə, düzgün etmirlər. Gəlin, Allahla danışaq, cavanlar peşəkarları, yaşlı sənətçiləri dəvət də edirlər, seriallarına da çəkirlər. Əgər hansısa aktyor, aktrisa reytinq verə bilmirsə, serial ona nə etsin? Mən şəxsən gənc rejissorlardan, layihə rəhbərlərindən narazı deyiləm. Mən bu gün də seriallara çəkilirəm, tez-tez dəvətlər alıram.
Hazırda da bir serialda rol alıram. Buna görə xüsusilə layihə rəhbərim Elməddin Cəfərova təşəkkür edirəm. Məni bu gün də xalqa tanıdan, sevdirən məhz həmin cavanların layihələri olub”.
Aktrisanın sözlərinə görə, hansısa sənətçi ekran işində reytinq verməyi bacarırsa, müxtəlif seriallara da dəvət alır:
“Yaşlı nəsil gənc rejissorlardan gileylənirsə, düzgün etmirlər. Onların çəkilməməsində rejissorların, layihə rəhbərlərinin günahı yoxdur, əgər həmin aktyor, aktrisa reytinq verə biləcəksə, buyurub gəlib çəkilsinlər. Mən özüm ayaqlarımın üzərində dayanmağı, tamaşaçıların sevgisini qazanmağı bacarıramsa, dəvət edib rol verəcəklər. Necə ki, bu gün də dəvətlər alıram. Deməli, mən reytinq qazanmağı bacarıram ki, çağırırlar. Gileylənməyə ehtiyac yoxdur, cavanlar yaşlı nəsli çağırırlar. Bu barədə kiminsə gileylənməyə ixtiyarı yoxdur.
Mən illər əvvəl “Bacanaqlar” serialına çəkilmişdim, həmin serial 11 il davam etdi, mən də yaşlıyam. Amma reytinq qazanmağı bacardım. Bacardığıma görə də sonra başqa seriallara dəvət aldım. Hazırda “Eltilər” adlı serialda rol alıram. Orada Mirvari rolunu canlandırıram. Demək tamaşaçı məni istəyir ki, dəvət alıram. Həmin serialın rejissoru Elçin İbrahimova, layihə rəhbəri Elməddin Cəfərova məni hər zaman diqqətdə saxladıqları üçün minnətdarlığımı bildirirəm. Onlar məni bu yaşımda da yaddan çıxarmır. Onlar tək mənə yox, layihədə iştirak edən digər yaşlılara da qayğı ilə yanaşırlar.
Naibə Allahverdiyevanın bu barədə gileyini oxudum. Digərlərini deyə bilmərəm, amma Naibə xanım çox gözəl aktrisadır, sənətkardır”.