Bizi sosial şəbəkələrdən izləyin:
"UEFA kimi qurumun istənilən panelində Azərbaycanı təmsil etmək böyük şərəfdir. Bu, mənim üçün çox vacibdir".
Bunu AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilməsi barədə danışarkən deyib.
Veteran qapıçı bildirib ki, bu, bir qədər gecikmiş anonsdur: "Mən həmin komitənin üzvü idim. Sadəcə, pandemiyaya görə bütün görüşlərimiz onlayn olduğundan rəsmi proseduru bu ayın əvvəlində etdilər. Rəsmi şəkildə təqdim olundum. Bir ilə yaxındır o panelin üzvüyəm, bütün görüşlərdə iştirak edirəm. Çalışıram ki, öz təcrübəmi orada bölüşüm".
O, komitədə mühüm məsələlərin müzakirə olunduğunu söyləyib: "Adından da bəlli olduğu kimi, komitədə həvəskarlar və gənclər arasında liqaların keçirilməsi barədə müxtəlif qərarlar verilir. Artıq Azərbaycanı da UEFA-da kifayət qədər yaxşı tanıyırlar ki, məni bu panelə üzv seçiblər".
Hacıyevin sözlərinə görə, komitəyə həqiqi üzv seçilməsi gələcəkdə Azərbaycan üçün yeni imkanlar aça bilər: "Avropada keçirilən istənilən kiçik və irimiqyaslı yarışlara ev sahibliyi etmək kimi məsələlərdə rolum ola bilər. Öz nüfuzumu orada genişləndirə bilsəm, ölkəmə də xeyir vermiş olaram".
Bu yaxınlarda Pro lisenziyası alan Həsənzadə bu barədə çox danışmağa ehtiyac durmadığını vurğulayıb: "Pro ən yüksək məşqçilik lisenziyasıdır. Buna sahib olmaq böyük məsuliyyətdir. Bu, təkcə kağız üzərində qalmamalıdır. Verdiyin qərarlar, gördüyün işlər lisenziyaya layiq olmalıdır. Düşünürəm ki, orada əldə etdiyim biliklər işimə kifayət qədər dəstək olacaq".