Elektron xidmət növlərinin təkmilləşdirilməsi zamanın tələbidir
Cəmiyyət
4160
16 Nov 2022 | 14:03

Elektron xidmət növlərinin təkmilləşdirilməsi zamanın tələbidir

Ölkə Prezidenti İlham Əliyevin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən elektron sistemlərin tətbiqi ilə bağlı ardıcıl mühüm tədbirlər həyata keçirilmişdir. Müasir İKT-lər və innovasiyaların köməyi ilə əhaliyə elektron ədliyyə xidmətlərinin göstərilməsi vətəndaşların inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənmək, eyni zamanda zərurət olduqda bu məlumatları özündə əks etdirən çıxarışları əldə etmək imkanı yaratmışdır.
 
Dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsində, vətəndaşların dövlət orqanlarına müraciət imkanlarının asanlaşdırılmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyəti nəzərə alınaraq hər kəs vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmətlərdən istifadə edə bilər. Bunun üçün //justice.gov.az/ və ya //www.e-gov.az   saytları vasitəsilə  doğumun, övladlığa götürmənin, nikahın, atalığı müəyyən etmənin, soyadın, adın və ata adının dəyişdirilməsinin, nikahın pozulmasının  və ölümün qeydə alınması üçün müraciət etmək mümkündür.
 
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.09.2020-ci tarixli Fərmanına əsasən bu sahədə müasir İKT-lərdən istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədi ilə  doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi elektron qaydada həyata keçirilir. Təkrar şəhadətnamələrin (arayışların) alınması üçün də elektron qaydada müraciət oluna bilər. 
 
Bundan əlavə, Azərbaycan adları barədə məlumatın verilməsi e-xidməti də vətəndaşların istifadəsindədir. Bu xidmət vasitəsilə daxil edilmiş adın mənası haqqında məlumat əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar “www.e-gov.az” Elektron  Hökumət  portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Azərbaycan adları barədə məlumatın verilməsi” xidmətindən yaralana bilərlər.
 
Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinə edilmiş 27.12.2021-ci il tarixli dəyişikliklə əlaqədar məhkəmələr Ədliyyə Nazirliyinin elektron informasiya sistemi ilə inteqrasiya olunmuş, icrası qeydiyyat orqanlarına yönəlmiş məhkəmə qərarlarının “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin elektron informasiya sisteminə ötürülməsi sənədlərin dövriyyəsində operativliyi təmin etmişdir. 
 
Nazirliyin internet saytında elektron xidmətlər bölməsi vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası haqqında lazımi məlumatları əldə edə bilirlər. Bu gün hər bir şəxs tətbiq edilən onlayn müraciət vasitəsilə, məhz məsul ədliyyə işçilərinin qəbuluna yazılmaq imkanına da malikdirlər.
 
Bir sözlə, elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, eləcə də korrupsiyaya şərait yaradan halların qarşısının alınmasına xidmət edir. Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar bır sıra məhdudiyyətlərin tətbiq olunduğu dövr onu göstərmişdir ki, bu innovasiyalardan istifadə məsafədən, insanların bir-biri ilə təmasda olmadan xidmətlər göstərilməsi baxımından olduqca əhəmiyyətlidir.
 
Leyla Süleymanova,
Xətai rayon qeydiyyat şöbəsinin rəisi
 
Link kopyalandı!
Son xəbərlər