QHT-lər Ermənistanın uşaqları hərbi əməliyyatlarda istifadə etməsi ilə bağlı BMT-yə müraciət ünvanlayıblar
4302
16 Nov 2022 | 11:41

QHT-lər Ermənistanın uşaqları hərbi əməliyyatlarda istifadə etməsi ilə bağlı BMT-yə müraciət ünvanlayıblar

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Vircinia Qambaya Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsi, Azərbaycanafobiya ruhunda tərbiyə olunması ilə bağlı bəyanat ünvanlayıblar.
 
Bəyanatda İkinci Qarabağ müharibəsi zamanı uşaqların Ermənistan tərəfindən birbaşa hərbi əməliyyatlara, həmçinin “VOMA”, “POGA” və “Mets Tiqran” kimi hərbi təşkilatlar tərəfindən hərbi təlimlərə cəlb edilməsinə etiraz ifadə edilib.
 
Sənəddə qeyd olunub ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.
 
 
Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə cəlb edərək nəinki uşaqların təhsil, inkişaf və digər hüquqlarını pozur, ümumiyyətlə, onları ölümə göndərir. Döyüş meydanında heç bir qanun tanımayan Ermənistan dövləti çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNİCEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını heçə sayır.
 
Bəyanatın sonunda vurğulanır ki, Ermənistanın uşaqları hərbi təlimlərə açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət regionda etimad quruculuğuna ehtiyac olan dövrdə Azərbaycanlılara nifrət aşılamaqla davamlı sülhün bərqərar olmasına maneçilik törədir, beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Ermənistan hökumətinin rəhbəri və üzvləri tərəfindən insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara konvension normalara uyğun olaraq hüquqi qiymət verilməli və məsuliyyət müəyyənləşdirilməlidir
 
Müraciəti 48 QHT imzalayıb.
Link kopyalandı!
Son xəbərlər