Qənirə Paşayeva Milli Məclisin beş komitəsinin birgə iclasında çıxış edib
4131
10 Nov 2022 | 21:41

Qənirə Paşayeva Milli Məclisin beş komitəsinin birgə iclasında çıxış edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında çıxış edib, təkliflər səsləndirib.
 
“Mədəniyyətin bəzi sahələrində əməkhaqları çox aşağıdır, bununla bağlı tədbirlər görməliyik. Təklif edərdim ki, bu sahədə çalışanlaırn maaşları artırılsın yaxud da hansısa stimullaşdırıcı tədbirlər görülsün ki, sahəyə marağı olan kadrları işə cəlb edə bilək. 
Biz mədəniyyət sahəsindən danışanda çox adam burada müğənniləri, şou aləminin nümayəndələrini nəzərdə tutur. Amma diqqət yetirsək görərik ki, bir sıra önəmli mədəniyyət sahələri üzrə mütəxəssislərin sayı azalır. Ona görə də, mədəniyyət üzrə bir sıra önəmli ixtisas sahələrində çalışan gənclərin güzəştli ipotekadan yararlanmasına şərait yaradılmasını təklif edirəm”.
Sözünə davam edən Komitə sədri onu da vurğulayıb ki, “Mədəniyyət sahəsində bir çox dövlət proqramlarının icrası bitib. Amma biz proqramlar bitdikdən sonra görürük ki, bəzi məsələlər öz həllini tapmayıb. Məsələn, Azərbaycan kinosu, Azərbaycan teatrı və tarixi-mədəniyyət abidələrinin qorunması, təmir-bərpası ilə bağlı müvafiq Dövlət proqramlarını qeyd edə bilərik ki, proqram başa çatıb amma bəzi işlər yarımçıq qalıb. Ona görə də, Dövlət büdcəsində Dövlət proqramlarının icrasının qiymətləndirilməsi də aparılmalıdır”.
Komitə sədri bildirib ki, büdcədə Dövlət proqramlarının nəticəyönümlülüyünə diqqət artırılmalıdır: “Biz bu günlərdə Mədəniyyət paytaxtımız Şuşada Mədəniyyət Komitəsinin Elm və Təhsil Komitəsi ilə birgə iclasını keçirdik. Orada, Şuşa başda olmaqla, işğaldan azad olunan bölgələrimizdə görülən işləri minnətdarlıqla qeyd etdik. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tarix və mədəniyət abidlərinin təmir-bərpasına, ümumən mədəni irsə böyük diqqət-qayğısı hər birimizçün örnək təşkil etməlidir.   
Mən qeyd etmək istərdim ki, bir çox bölgələrimizdə tarix və mədəniyyət abidələrimizin təmir və bərpası gecikir. Zaman itkisi onların bərpasında çox ciddi problemlər yaradır.
 
Həmin abidələr vaxtında təmir-bərpa edilməsə, gələcəkdə onların mövcudluğu sual altında qalacaq. Əgər bu sahəyə pul ayırmaq çətinlik yaradırsa, o zaman özəl sahibkarlıqla məşğul olanlarla dövlət qurumları arasında əməkdaşlıq mexanizmlərinin yaradılmasına ehtiyac var”.
Dövlət büdcəsində, işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq, tarix-mədəniyyət abidələrinin təmir-bərpası üçün vəsaitlərin ayrılmasını, ümumən büdcə layihəsini dəstəkləyən Qənirə Paşayeva, Mədəniyyət Komitəsi üzvlərinin ona səs verəcəyini bildirib.
Qənirə Paşayeva komitələrin birgə iclasında digər məsələlərə də toxunub: “Biz seçicilərlə tez-tez görüşürük. Aztəminatlı vətəndaşlarımız qida məhsullarının qiymətindəki artımlardan narahatdır və qiymətlərin artmaması üçün ciddi nəzarətə ehtiyac var. Həmçinin dərman məhsullarının qiyməti çox yüksəkdir. Dərmanların qiymətinin ucuzlaşması istiqamətində ciddi addımlar atılmalıdır. Seçicilər uşaq bezləri və yeməklərinin qiymətlərinin aşağı salınması istiqamətində də təkliflər səsləndirir. Bu çox vacib məsələdir. 
Mən habelə onkoloji xəstəliklər, autizm, süni mayalanmanın da icbari tibbi sığorta ilə əhatə olunması təklif edirəm. Bu həllini gözləyən çox önəmli məsələlərdir”.
Link kopyalandı!
Son xəbərlər