Azərbaycan xalqı Qələbə bayramını qeyd edir. Məğlubiyyət səhifələri artıq qapanır, qürurlu Zəfər təqvimi başlayır. Cəmi 2 gün sonra, şanlı ordumuz üçrəngli bayrağımızı ruhumuzun Kəbəsi olan Şuşaya sancacaq və 3 əsrə yaxın yaşı olan Qalanı yenidən öz sahiblərinə qaytaracaqdı. Milli Qələbə günü olmayan bir xalqın bundan böyük Zəfəri yoxdur!
İlahi ədalət tələb edir deyək ki, Ulu öndər Heydər Əliyevin 15 iyun xilaskarlıq missiyası 8 noyabrda hərbi və siyasi Zirvəsinə çatdı. Sovet imperiyasının rəhbərlərindən biri olan Heydər Əliyevin 1993-cü ildə nizami düzülüşdə ayaq üstə güclə dayanan bir neçə yüz hərbçi qarşısında “biz qalib gələcəyik!” hökmü İlham Əliyevin 44 gündə orduya və xalqa tarixi müraciətlərinin epiqrafı idi. Ona görə də Vətən müharibəsində qalibiyyət ilk növbədə, Heydər Əliyevin qələbəsidir. Çünki Onun yolu, kursu və ruhu qalib gəlib.
Böyük Mustafa Kamal Atatürkə haqlı olaraq, “bütün dövrlərin baş komutanı” deyirlər. İlham Əliyev də tarixdə bütün dövrlərin qalib Ali Baş Komandanı olaraq qalacaq. Prezidentlikdən və bütün siyasi rütbələrdən yuxarıda dayanan Ali Bir Ad..
Son vaxtlar, müxtəlif paytaxtlara daşınan sülh danışıqları zamanı vaxtilə 5 rayonun dinc yolla bizə qaytarılması mövzusu gündəmə qaytarılıb. Bir anlıq təsəvvür edin ki, Qələbəni hərbi yolla əldə etməsəydik, görün, hansı miqyasda qəhrəmanlıq və qürur tarixindən məhrum olardıq.
Xalqımızın II Qarabağ müharibəsindəki igidliyinin, cəsurluğunun dərin tarixi kökləri var. İki dəfə Fəxri legionçu Əliağa Şıxlinskidən ikiqat Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovadək, Şirin Mirzəyevdən şəhid general Polad Həşimovadək, Əliyar Əliyevdən 83 Vətən müharibəsi qəhrəmanı və 70 min orden medalı daşıyan ordumuzun hər bir sıra nəfərinədək hamısı vahid bir xalqın ümumiləşmiş obrazıdır.
Azərbaycan son yüz illik tarixində güclü liderə, güclü xalqa, zəif orduya, yaxud güclü liderə, parçalanmış xalqa və dağılmış orduya malik olduğu dövrlərin hamısında məğlub olub. Ölkəmiz özünün müstəqillik tarixində ilk dəfədir ki, güclü liderə, vahid xalqa və monolit orduya malikdir, ona görə də qələbə qazanıb.
Düz iki yüz ilə yaxındır ki, Qarabağ savaş meydanıdır, cəmi 4.38 min kvadrat kilometrlik bir ərazi özündən min dəfələrlə böyük coğrafiyaların taleyini həll edən mərkəzdir. Əgər 33 il əvvəl Sovetlər birliyinin dağılması oradan başladısa, indi bütövlük uğrunda savaşan və ədalət istəyən bütün xalqlar Azərbaycanın Qələbəsini nümunə sayırlar.
Müharibənin ən böyük nəticələrindən biri də “kiçik Ermənistan”ın üzə çıxmasıdır. Əgər sabiq prezident Armen Sarkisyan bəyan edirsə ki, “biz kiçik dövlətik”, bu sadəcə kədərli bir sonluq deyil, sərhədsiz iddiaların, hüdudsuz erməni kimliyinin və din səviyyəsinə qaldırdıqları “dənizdən-dənizə” ideyasının məhvi deməkdir. Ermənistanın dənizlərə çıxmaq planının iflası Vətən müharibəsinin ən böyük nəticələrindən biridir.
Müqəddəs torpaqlarımıza bir milyon mina əkən bir xalq o yerlərə özününkü kimi baxmadığına bizdən əlavə sübut istəməməli, yeni iddialara düşməməlidir.
Rusiya-Ukrayna müharibəsi sübut edir ki, iki il əvvəl ermənilərin əvəzindən döyüşməyə hazır olan xarici silahlı qüvvələr, Fransa və yunan orduları Əliyev-Ərdoğan birliyinə diplomatik-siyasi meydanda məğlub oldular. Əks halda savaşı beynəlmiləl muzdluların toqquşma meydanına döndərmək heç kəsin qazanmadığı və regionu sonu görünməyən xaosa atmaq demək olardı. Müharibənin radiusunun böyüməsinə imkan verməmək 44 günlük döyüşlərin ən böyük nəticələrindən biridir.
“Zəfərə qədər və sonra”, “işğala qədər və sonra” ifadəsi millətimiz üçün yeni eraya, 3-cü minilliyə keçid tarixidir. 10 noyabrdan sonra Kəlbəcər, Ağdam və Laçın, Zəngilanın, Qubadlının onlarla kəndi, Hadrut, Xocavənd və Şuşa rayonlarının mühüm dağ massivləri, Laçın dəhlizi və mərkəzi, Basarkeçərlə sərhəd yüksəklikləri xalqa hələ açılmayan hansı hərbi və diplomatik-siyasi planlar hesabına qazanıldığını hər kəs biləndə Qələbimizin əzəməti daha da böyüyəcək.
Biz “böyük Ermənistan”a qalib gəlmişik. Söhbət təkcə məlum mifik plandan getmir. Amerikadan İrana, Kanadadan Fransaya qədər uzanan coğrafiyada mənən və siyasətləri ilə ermənilərlə bir səngərdə olanlar “böyük Ermənistan”ın təmsilçiləri idi və haqsız mövqelərinə görə hamısı məğlubdur. Xalqımız xalqına, ordumuz ordusuna, Ali Baş Komandanımız düşmənin rəhbərinə qalib gəlib. Yenidən Xankəndində izdihamlı aksiyalarla zamanın çarxını geri döndərməyə çalışanlar, bilir ki, “miatsum “ yoxdur, ermənilər parçalanıb, azərbaycanlılarsa Zəfər ətrafında əbədi birləşiblər.
Zəfərimizin ikinci ildönümündə biz dünyanı daha aydın görürük. Şübhə yoxdur ki, məğlub ölkə statusu hər kəsə sərfəli idi. İndi qalib dövlət çoxlarına təhlükə kimi görünür. Lakin Qələbəmizə qarşı birləşənlər bilsin ki, bizim tərəfdarlar daha çoxdur.
44 günlük müqəddəs savaşda bizim əsgərimiz düşmən əsgərini, generalımız generalını məğlub etdi. İndi Ermənistan ordusu məğlub olduğu üçün həbsxanadadır. 1000-dən artıq əsgər və zabitin cəzalandırılması Qələbəmizin düşmənə məhkəməsidir. 100 ildir millətimizi döyüşə bilməyən kütlə, inşaat batalyonu, fəhlə korpusu kimi qələmə verənlərə sübut etdik ki, Qafqazın qəhrəman xalqı məhz bizik.
Əziz dostlar, cənab prezidentin türk jurnalistinə müsahibə verərkən, köçkünlərin 30 illik məhrumiyyətlərini nəzərdə tutaraq, “nə qədər əzab çəkdilər” deyib, kövrək anlar yaşadığını yəqin görmüsünüz. Əslində belə təsirli səhnə o deməkdir ki, ölkənin Birinci şəxsi 100 minlərlə evi dağıdılan, çadır şəhərciklərində humanitar yardımlarla yaşayan insanları doğma evlərinə qaytarmaq üçün Allah, Quran və Konstitusiya qarşısında içdiyi andı yerinə yetirdi. 27 sentyabr 2022-ci ildə Füzulidə şəhid əsgər abidəsi qarşısında növbəti andı elan edərkən də bütün dünya qarşısında Zəfəri qorumaq üçün gələcəkdə Bir nömrəli döyüşçünün məhz Ali Baş Komandan olacağını nümayiş etdirdi.
Müharibədə Qələbə təkcə seçki vədinin yerinə yetirilməsi deyildi, bütün əvvəlki rəhbərlərin məğlubiyyətlərinin əvəzini çıxmaqdan ötrü aparılan döyüşlər idi. Pənahəli xandan bu yana -istər xanlıq, istər çarizm, istərsə də sovet və ondan sonrakı illərdə dövlətimizə başçılıq edənlərin hamısı sağ olsaydılar, Qələbəmizlə qürur duyar və onu özlərininki sayardılar.
8 noyabr Zəfəri millətimizin yeni azadlıq və müstəqillik günüdür. “Əziz Şuşa sən azadsan” milli şüarı təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın, hər bir azərbaycanlının, əsrlərlə işğala məruz qalan əcdadlarımızın azadlığı idi.
Azadlıq və Qələbə günümüz mübarək olsun!
Zahid Oruc
Millət vəkili