Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında “Zəfər Günü”nə həsr olunmuş “Zəfərdən zəfərə, Azərbaycan!” adlı respublika elmi-praktik konfransı keçirilib.
Bu barədə DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər heyəti və konfrans iştirakçıları “Şöhrət” muzeyində Ulu Öndərin xüsusi xidmət orqanlarındakı fəaliyyətini əks etdirən eksponatlarla, həmçinin Akademiyada nəşr olunmuş kitabların sərgisi ilə tanış olublar.
Konfrans respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Səkkiz xüsusi təyinatlı ali təhsil müəssisəsinin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə iştirakçılar Zəfər Gününə həsr olunmuş videoçarxa tamaşa ediblər.
DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov konfransda açılış nitqi ilə çıxış edərək 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsi nəticəsində Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlaması, ərazi bütövlüyümüzün bərpası və 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dövlətçilik tariximizə qızıl hərflərlə yazılması barədə danışıb. Natiq həmçinin ötən müddət ərzində məhz Ulu Öndərin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin hərtərəfli inkişafı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün əməli addımlar atılması, dövlətçiliyimiz üçün sarsılmaz təməllər yaradılması haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər ilə Azərbaycan öz gücünü bütün dünyaya göstərərək tarixi ədalət uğrunda inamlı mübarizəsini nümayiş etdirib, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, Müzəffər Ordumuzun gücü sayəsində, şəhidlərimizin canı, qanı bahasına əldə olunmuş bu qələbə ilə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyulub.
Konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük general-mayoru Qulu Novruzov, DTX-nin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş əməkdaşları çıxış ediblər. Məruzəçilər Azərbaycan Ordusunun dünyanın hərb tarixinə yeni səhifə yazmasından, bu gün dünyanın qabaqcıl ölkələrində Azərbaycanın müharibə təcrübəsinin öyrənilməsindən bəhs etmiş, müasir döyüş avadanlıqlarının uğurla tətbiq olunduğu əks-hücum əməliyyatlarında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, eyni zamanda həmin günlərdə Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də informasiya müstəvisində apardığı mübarizədən, cənab Prezident İlham Əliyevin baş verənlərlə bağlı həqiqətləri nüfuzlu xarici KİV-lərə müsahibələrində çatdırmasından, bununla da Ermənistanın yalanlarını ifşa etməsindən ətraflı söhbət açıblar.
Sonda iştirakçılar konfransın əhəmiyyətini yüksək qiymətləndirərək tədbirin təşkilinə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.