“Hayastan”ın həyasızlığı: quru sərhədimiz Xlqatyanın üzünə nə vaxt bağlanacaq?
Cəmiyyət
3107
29 Oct 2022 | 12:17

“Hayastan”ın həyasızlığı: quru sərhədimiz Xlqatyanın üzünə nə vaxt bağlanacaq?

Nazirlər Kabinetinin qərarı ilə ölkədə karantim rejiminin vaxtı yanvar ayının 1-nə qədər uzadılıb. Ölkəmizin ərazisinə quru yolla giriş-çıxışda məhdudiyyət var. Məsələn, Türkiyədə təhsil alan azərbaycanlı gənc Zəngəzur dəhlizinin açıq olmaması səbəbindən heç olmasa Naxçıvana uçub, ordan da quru yolla qardaş ölkəyə keçib gedə bilmir. Səbəni dediyimiz kimi, məhdudiyyətlərdir. Hökumət hesab edir ki, hələ də pandemiya təhlükəsi tam sovuşmadığı üçün sərhəd qapılarını taybatay açmaq olmaz.
 
Bəs yaxşı, “Hayastan” ümumerməni fondunun direktor müavini Ararat Xlqatyanın Xankəndidə nə ölümü var? Bu zəhərli ilanı Azərbaycan ərazisinə kim və hansı əsasla buraxıb? Qarabağ aşağı və yuxarı hissəsi ilə Azərbaycan deyilmi? Belə olduğu halda Laçın yolunun girişində post qurmuş Rusiya hərbçiləri hansı əsasla Azərbaycan ərazisinə özgələri buraxır, rəsmi Bakının razılığı olmadan? Ümumiyyətlə, niyə azərbaycanlı qonşu Gürcüstana, İrana, yaxud Türkiyəyə quru yolla sərbəst keçib gedə bilmir, amma erməni və ya digər qeyri-azərbaycanlı biriləri qollarını sallaya-sallaya Laçında çəkdiyimiz 35 km-lik yolu qət edib Xankəndiyə gəlirlər? Azərbaycanın quru sərhədlərinin bağlı olması barədə Nazirlər Kabinetinin qərarında bəlkə Laçın qapısının açıq olması barədə xüsusi müddəa var, yoxsa bu, nə özbaşınalıq, nə harınlıq, nə saymazlıqdır?
 
Son zamanlar müşahidə etdiklərimiz artıq əsəblərimizi tarıma çəkib. “Hayastan” fondu ilə bağlı yayılan xəbərdə deyilir ki, ümumerməni fondunun direktor müavini “artsax respublikasının şəhərsalma naziri” Aram Sarkisyanla birgə əvvəlki günlərdə müxtəlif tikinti sahələrinə baş çəkib, mənzil və yol tikintisi sahəsində cari və başa çatmış işləri izləyib.
 
Yenə həyasızlıq! Qarabağda bir ovuc erməni qalıb, bu evlər kimlərə tikilir? İşğal dövründə olduğu kimi, yenədəmi Livan, Suriya, İraqdan “erməni ailəsi” adı altında terrorçuların köçürülməsi planı var? Onların bir qisminin qarasını itirdik Zabuxdan, belə çıxır hərləyib yenə də Azərbaycanın içərilərinə soxmaq istəyirlər?
 
Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda, ermənilərin 30 il ərzində darmadağın etdiyi şəhər və kəndlərimizin yerində quruculuq işləri həyata keçirir, yollar, körpülər, tunellər, hava limanları tikir. Təkcə tikilən tunellərin ümumi uzunluğu 50 km-ə (!) çatır. Qisa müddətdə Laçın dəhlizinə alternativ yolun çəkilişini də başa çatdırdıq, amma yolun Ermənistan ərazisinə düşən 5-6 km-lik hissəsini hıqqana-hıqqana hələ ilin sonunadək çəkəcəklərini deyirlər. Yaxud Qafan-Gorus magistralını nəzarət altına aldığımız vaxtdan etibarən Ermənistan cəhd göstərir ki, alternativ hərəkət zolağı yaratsın, alındıra bilmir. Ermənistanda bu qədər problemlər olduğu halda, “Hayastan”ın Qarabağda yol, yaşayış binaları layihələrini gerçəklədirməkdə məqsədi nədir? Buna “Hayastan həyasızlığı” demək olar. Amma bura qədər dözdük, səbir etdik, daha kifayətdir! Azərbaycan ərazisinə qanunsuz soxul, sonra burada qanunsuz işlər gör, daha sonra qanunsuz köçürmələr et tikilən evlərə. Nəhayət “STOP” deyilməlidir!
 
2020-ci ilin 10 noyabr bəyannaməsinin şərtləri hər gün pozulur. Özü də sənədin imzalanmasında moderatorluğu və Qarabağda sülhün, təhlükəsizliyin təminatını üzərinə götürən Rusiyanın 1960 hərbçisinin gözləri qarşısında!
 
“Hayastan” fondu 1992-ci ildə təsis edilib. Bu fond faktiki olaraq terrorçuluğu, separatçılığı maliyyələşdirməklə məşğuldur. Qarabağın 30 illik işğalı ərzində burada böyük miqdarda pullar “yuyulub”. Məsələn, 2016-cı ilin noyabrında yayılmış məlumatda oxuyuruq: “”Hayastan" ümumerməni fondunun növbəti 19-cu xeyriyyə telemarafonu nəticəsində təxminən 15 milyon 429 min dollar məbləğində ianə yığılıb və ya vəd edilib...Fondun fəaliyyəti sayəsində ümumi uzunluğu 600 kilometrədək yollar, 520 kilometr su kəmərləri, 144 kilometr qaz kəməri, 70 kilometrlik elektrik xətləri salınıb. Bundan başqa, 334 məktəb və uşaq bağçası, 424 yaşayış binası, 70-dən çox tibb müəssisələri, 55 idman və mədəniyyət mərkəzlərinin yenidən tikilib və abadlaşdırıldığı bildirilir".
 
Hər telemarafonda bu qədər pullar yığılıbsa və deyildiyi kimi, Qarabağda bu qədər işlər görülübsə, niyə bəs ermənilər it kökündə yaşayır, bu gün də dilənirlər? Deməli, işlər kağız üzərində görülüb. Azərbaycan ordusu azad etdiyi ərazilərdə bir tikili tapa bilmirdi bayrağımızı sancsın. Hanı tikintilər?
 
Yaxud 44 günlük müharibədən sonrakı dövrdə-2021-ci ilin ilk günündən “Hayastan” Ümumerməni Fondu Los-Ancelesdə növbəti telemarafon keçirib və bu dəfə 12 milyon 351 min dollar ianə toplanıb. Erməni quldurlarının tikinti apardığı yerlər də var, məsələn, Xocalı! Azərbaycanın şah damarının üstünə basırlar bununla!
 
Məlumata diqqət edək: “”Hayastan" Ümumerməni Fondu Əsgəran rayonunun İvanyan (Xocalı) icmasında 240 mənzilli 20 yaşayış binası və 86 ev tikir". Xocalıya da murdar bir ad veriblər! Bu yaxınlarda elan etdilər ki, ilk 10 yaşayış binasını istifadəyə verəcəklər. Azərbaycanlıları soyqırım et, sonra da onların qanı qarışmış torpağın üstündə yaşayış binası tik, buna susmaq olarmı?!
 
 Və... Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib. Hələ görün Xlqatyanın ev tikdiyi Xocalıda nə qədər şəhidlərimizin qalıqları qalıb...
 
Elşad Paşasoy
Link kopyalandı!
Son xəbərlər