Bizi sosial şəbəkələrdən izləyin:
"Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə suçəkmə işləri iki saat ərzində yekunlaşa bilər".
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəza səbəbindən ərazidə olan yaşayış binasının təxminən 1500 metrlik ərazisində bir metr dərinliyində su olub. Nazirlik rəsmisi bildirib ki, hazırda suyun miqdarı 60 sm azalaraq 30 sm-ə enib. O, nə qədər obyektə ziyan dəyməsi ilə bağlı dəqiq informasiyaya sahib olmadığını vurğulayıb: "Çünki hazırda suçəkmə işləri ilə məşğuluq. İki saat ərzində işlər yekunlaşa bilər".
R.Nəsirov bildirib ki, suçəkmə prosesinə FHN-in üç avtomobili və digər vasitələri cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, ərazidə qurumun müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
08:38
“Azərsu” ASC Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı daha bir açıqlama yayıb.
Qurumun mətbuat xidməti Anar Cəbrayıllının verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib:
“Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.
08:21
Bakıda magistral su xətti partlayıb.
Bu barədə redaksiyamıza ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib.
Hadisənin paytaxtın Yasamal rayonu ərazisində baş verdiyi deyilir. Əhaliyə içməli suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb:
“Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.
Görüntüləri təqdim edirik: