Bizi sosial şəbəkələrdən izləyin:
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda satılan lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
“APA-Economics”in avtomobil bazarından əldə etdiyi məlumata görə, 6 marka üzrə satışların ümumi sayı 1442 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% çoxdur.
“Mercedes” bu ilin doqquz ayında 391 ədəd satışla bazar üzrə liderliyini (27,1% bazar payı) qoruyub. Bununla belə, markanın satışları ötən ilin eyni dövrünə nisbətən 10,3% azalıb.
Premium seqmentdə Yaponiya brendi “Lexus” Azərbaycanda satış həcminə görə (364 ədəd) siyahıda ikinci olub. Ötən ilin eyni dövrünə nisbətən markanın satışları 77%-dən çox artıb. Siyahıda üçüncü olan BMW-nin satışları 10,4% azalaraq 259 ədədə düşüb. Qeyd edək ki, Almaniya markası ötən ilin doqquz ayında Azərbaycanda 289 avtomobil sata bilmişdi.
Bu dövrdə “Audi”nin satışları 52% artaraq 187-ə, “Land Rover”in satışları 38,5% artaraq 162-yə, “Porsche”nin satışları isə 9,7% artaraq 79 ədədə çatıb.
Avtomobil şirkətləri bildirirlər ki, satışlarda yaranan ümumi artım tempi pandemiyadan sonra həyatın öz axarına qayıtması ilə bağlıdır. Bundan əlavə Rusiya və Ukrayna arasında yaranan münaqişə ilə bağlı hər iki ölkədə yaşayan azərbaycanlıların bir hissəsi ölkəyə qayıdır və vəsaitlərini burada xərcləyir, o cümlədən avtomobil alırlar.