Bizi sosial şəbəkələrdən izləyin:
“Oktyabrın 13-də azarkeşlər “Qarabağ” – “Olimpiakos” oyununun keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər”.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin IV oyununda Azərbaycan çempionu “Qarabağ” Yunanıstanın “Olimpiakos” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzulayırıq.
Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.
“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.