Bakıda azadlığa buraxılan şəxsin polis tərəfindən döyülməsi iddialar üzrə xidməti araşdırmalara başlanılıb
Cəmiyyət
3848
11 Oct 2022 | 11:42

Bakıda azadlığa buraxılan şəxsin polis tərəfindən döyülməsi iddialar üzrə xidməti araşdırmalara başlanılıb

"Bakıda azadlığa buraxılan şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar üzrə xidməti araşdırmara başlanılıb".
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.
 
O bildirib ki, oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib:
 
"Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən İsmayıl Qəhrəmanov saxlanılıb, idarə etdiyi "BMW" markalı avtomobilə keçirilən baxış zamanı avtomobildən oğurluq əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb.
 
Aparılan araşdırmalarla müəyyən olunub ki, o, Binəqədi rayonu ərazisində də 2 mənzildən oğurluq edib. O, saxlanılarkən qaçmağa cəhd göstərsə də, polis əməkdaşları buna imkan verməyib. Qeyri-adekvat davranışlarına görə o, narkoloji müayinədən keçirilib və narkotik vasitə qəbul etməsi müəyyən edilib və toplanan materiallarla birlikdə baxılması üçün rayon məhkəməsinə göndərilib.
 
Lakin o, məhkəmədən buraxıldıqdan sonra məhkəmə qərarından rayon prokurorluğu ilə birgə apellyasiya şikayəti və protesti verilib. İsmayıl Qəhrəmanov Xətai Rayon polis idarəsinin İstintaq şöbəsinə gətirilib və Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
 
O da məlum olub ki, İsmayıl Qəhrəmanova yetkinlik yaşına çatmadığı dövrdə Bakı şəhəri ərazisində ümümilikdə 96 dəfə mənzil oğurluqları törətdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
 
İsmayıl Qəhrəmanov 2019-cu ildə azadlığa buraxıldıqdan sonra 2021-ci ilin dekabrında Binəqədi rayonu ərazisində mənzildən külli miqdarda oğurluq hadisəsi törətdiyinə görə həbs olunaraq barəsində istintaq olunan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, lakin məhkəmə istintaqı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından buraxılıb. Hazırda həmin iş üzrə də məhkəmə istintaqı davam etdirilir.
 
Məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən onun döyülməsi və təzyiqlər edilməsi ilə bağlı iddiaları üzrə xidməti araşdırma başlayıb. Nəticəsindən asılı olaraq bu məsələyə də hüquqi qiymət veriləcəkdir".
Link kopyalandı!
Son xəbərlər