Könüllü icra olunmayan öhdəliyin tərs alternativi də mövcuddur
Cəmiyyət
3132
08 Oct 2022 | 17:50

Könüllü icra olunmayan öhdəliyin tərs alternativi də mövcuddur

Oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı bir çox cəhətlərinə görə diqqət mərkəzindədir. Əvvəla, xeyli vaxtdır ki, Avropa ölkələrindən bəzilərinin dövlət və hökumət başçıları siyasi münasibətlərin yeni formatda əlaqələndirilməsi təşəbbüsü ilə çıxış edirlər. Dünya nizamının təhlükəsizliyinə yaranan qlobal təhdidlər fonunda Avropanın siyasi isteblişmentində belə bir rəy möhkəmlənir ki, qitənin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunması başqa siyasi platformalara zəmin yaradır. Bu rəyin güclənməsi həm də ondan irəli gəlir ki, artıq mövcud olan beynəlxalq platformalar bəzən zəmanənin çağırışları ilə ayaqlaşmaqda çətinlik çəkirlər. Çünki ayrı-ayrı dövlətlərin həmin qurumlardakı siyasi inhisarçılıq və dominantlıq həvəsi təsirli qərarların vaxtında qəbul edilməsinə mane olur. Prezident İlham Əliyevin BMT-də zəruri islahatların aparılması ilə bağlı təşəbbüsü, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” bəyanatı məhz bu siyasi reallıqdan irəli gəlir. Digər reallıq ondan ibarətdir ki, Breksitdən sonra Avropanın siyasi məkanında yeni əlaqələndirmə platformalarına daha çox ehtiyac duyulur. “Avropa siyasi birliyi” Zirvə Toplantısında Boyük Britaniyanın Baş nazir səviyyəsində təmsil olunması həm də onun göstəricisidir ki, qitə ölkələri arasında siyasi əlaqələndirmənin dərinləşməsi günün tələbidir. Bunu Avropanın təhlükəsizliyi, o cümlədən, enerji, qida və iqlim təhlükəsizliyi, eləcə də miqrasiya və hərəkətlilik məsələlərinin daha operativ şəkildə tənzimlənməsi diktə edir. Başqa sözlə, Avropanın təhlükəsizliyinə aqressiv təhdidlərin zərərsizləşdirilməsi ilə yanaşı, ümumi rifahın açarı olan iqtisadi təhlükəsizliyin etibarlı şəkildə qorunması da bunu tələb edir. Zirvə Toplantısında 44 ölkənin dövlət və hökumət başçısının iştirakı həm də bu zərurətdən irəli gəlirdi.
 
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
 
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə bu mötəbər tədbirdə iştirakı onun göstəricisidir ki, ölkəmiz Avropa ailəsinin üzvü hesab olunur, Azərbaycan isə, öz növbəsində, Avropaya daha sıx inteqrasiyada və bərabərhüquqlu təmsilçilikdə maraqlı olduğunu nümayiş etdirir. Bu cür siyasi əlaqələndirmə platformaları imkan verir ki, iştirakçı ölkələrin aktual məsələlərə bağlı mövqeyi tərəfdaşların diqqətinə təhrif olunmadan çatdırılsın. Dövlətimizin başçısı Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında məhz bu səbəbdən vurğuladı ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn, xüsusilə ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin gözlənilməsi və bu prinsipin üstün hüquqi qüvvəsinin hamılıqla qəbul olunması əsas şərtdir. Prezident onun da altını cızdı ki, bu prinsipə münasibətdə selektiv yanaşma yolverilməzdir, çünki dünya nizamına artan təhdidlər həm də bundan qaynaqlanır.
 
Ülvi Quliyev qeyd edib ki, Zirvə Toplantısında diqqət çəkən önəmli məqamlardan biri də iki qardaş ölkənin-Azərbaycan və Türkiyə Prezidentlərinin birliyini, qarşılıqlı etimad və etibarını ehtiva edən səmimi davranış tərzi idi. Heç şübhəsiz ki, bu tərz bədxahlarımızın və siyasi qısqancların diqqətindən də yayınmırdı. Zirvə toplantısı bir daha göstərdi ki, ötən illər ərzində ölkələrimizin üzləşdiyi ayrı-seçkiliyə, ikili standartlara və uydurulmuş fobiyalara rəğmən, bu tədbirdə həm də Türk dünyasını təmsil edən Azərbaycan və Türkiyə dövlət başçıları yalnız yerləşdiyimiz çoğrafiyada deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı şəkildə faydalı və bərabərhüquqlu əməkdaşlığın, dinc birgəyaşayışın və mehriban qonşuluğun tərəfdarıdır.
 
Dövlətimizin başçısı tədbir çərçivəsində verdiyi bəyanat və açıqlamaları ilə növbəti dəfə təsdiq etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir, etibarlı tərəfdaş statusu onun siyasi renomesinin ayrılmaz tərkib hissəsidir. Cənab Prezident bu məqamı oktyabrın 6-da Praqada ölkəmizin televiziya kanallarına verdiyi müsahibədə xüsusi qeyd etdi: “Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı...Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox... Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.
 
Vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüsə sadiq olduğunu bir daha bəyan etdi. Dövlətimizin başçısı növbəti dəfə vurğuladı ki, Azərbaycanın təklif etdiyi beş təməl prinsipi beynəlxalq hüquqa və dövlətlər arasında normal münasibətləri tənzimləyən ümumi normalara söykənir. Prezidentin qabartdığı məsələlərdən biri də onunla bağlı oldu ki, zaman ötdükcə ölkəmizin haqlı mövqeyi daha çox anlayışla qarşılanır. Prezident İlham Əliyevin növbəti acıqlaması Azərbaycanın tarixi Zəfəri sayəsində regionda yaratdığı yeni reallığın dünya ölkələri tərəfindən qəbullanma tendensiyasının güclənməsindən xəbər verir: “Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!.. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir... Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin-nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir”.
 
Dövlətimizin başçısı, hər zaman olduğu kimi, bu müsahibəsində də həm Ermənistana, həm də ona havadarlıq edənlərə zəruri mesajlarından birini verdi: “Qarabağda yaşayan ermənilər, -mən bunu dünən Ağdamda demişəm, -bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla... Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”.
 
Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin beş saatdan artıq davam edən dördtərəfli görüşündən sonra verilən Bəyanat göstərir ki, Ermənistan, nəhayət, daşı ətəyindən töküb ölkəmizin ərazi bütövlüyünü və bu ərazilər üzərindəki suveren haqqını tanımaqdan başqa çıxış yolunun olmadığını anlamağa başlayır. Bu, son 34 ildə Ermənistanın ölkəmizə qarşı ardıcıl surətdə həyata keçirdiyi ərazi iddiası siyasətindən imtina mövqeyinə tədricən yaxınlaşdığını göstərir, sülh müqaviləsinin xoşluqla imzalanacağına müəyyən ümidlər yaradır. Şübhə doğurmayan isə odur ki, Ermənistan rəhbərliyi gec-tez Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü öhdəliyin icrasından, nə qədər çalışsa da, yayına bilməyəcək. O da şübhəsizdir ki, Prezident İlham Əliyevin bu açıqlaması istər Ermənistanın siyasi-hərbi rəhbərliyini, istərsə də onun himayədarlarını daha məsuliyyətli davranmağa sövq edəcək. Dövlətimizin başçısı müsahibədə bu fikri də səsləndirdi: “Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil... Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
 
“Maraqlıdır ki, dillərimiz fərqli olsa da, dünyanın “ən qədim” milləti qrammatikanın ümumi qaydalarını dəyişməyə nail ola bilməyib. Buna görə, Ermənistanda da yaxşı bilirlər ki, “könüllü” sözünün antonimi “məcburi” anlamına gəlir. Ermənistan 27 il ərzində min cür oyunla BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini xoşluqla icra etməkdən boyun qaçırdı. Keçmiş vasitəçilər onun bu oyunlarına göz yumsalar da, bəzi havadarları Ermənistanı destruktiv hərəkətlərə şirnikləndirsələr də, nəticə göz qabağındadır. Ermənistan savaş meydanında məğlub olduqdan sonra həmin qətnamələri icra etməyə məcbur oldu. Birisi öhdəliklərini könüllü şəkildə yerinə yetirmək istəmirsə, bilməlidir ki, bunun tərs alternativi də var. Amma yaxşı olardı ki, hər şey könüllü olsun. Hadisələr göstərir ki, məcburi-könüllü addımlar Ermənistana, onun daxili siyasi həyatına və hələ də miflərlə yaşayan siyasi camiyəsinə yaxşı heç nə vəd etmir. Yaxşını qoya-qoya, pis seçimə-daha böyük faciələrə meyillənmək, özünəqəsddən başqa bir şey deyil. Siyasi dillə desək, səmərəsiz, sadə dildə isə ağılsız seçim deməkdir”, - deyə deputat əlavə edib.
Link kopyalandı!
Son xəbərlər