Nazir BDU-nun kitabxanaçılıq və informasiya fəaliyyəti məzunlarını işlə təmin etdi
Cəmiyyət
3797
06 Oct 2022 | 17:39

Nazir BDU-nun kitabxanaçılıq və informasiya fəaliyyəti məzunlarını işlə təmin etdi

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) ölkə kitabxanalarında işlə təmin olunmaq üçün müsahibə yolu ilə seçilmiş kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə məzunları ilə görüşüb.
Görüşdə çıxış edən nazir Anar Kərimov Mədəniyyət Nazirliyinin kitabxana-informasiya sahəsi üzrə apardığı islahatlardan bəhs edib. Bildirib ki, bu istiqamətdə prioritet məsələlərdən biri də müvafiq sahəni gənc və ixtisaslı kadrlarla təmin etməkdir: “Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə şəffaflığı təmin etmək və müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək”. Nazir vurğulayıb ki, artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub: “Sizlər bu prosesin ilk iştirakçılarısınız. Əminəm ki, qazandığınız nəzəri təcrübə, əldə etdiyiniz bilik və peşə hazırlığınız vasitəsilə ölkədə kitabxana sahəsinin inkişafına öz töhfələrinizi verəcəksiniz”.
 
Anar Kərimov çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
 
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı məzunların işlə təmin edilməsinə görə Mədəniyyət naziri Anar Kərimova minnətdarlığını bildirib. Vurğulayıb ki, Azərbaycanda kitabxana sahəsinə diqqət və qayğının ənənələri var: “Ulu öndərimiz Heydər Əliyev hər zaman kitabxana işinə, kitabxanaçı əməyinə yüksək qiymət verib. Bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Bugünkü görüş məhz həmin ənənələrin davamıdır. İlk dəfədir ki, bizim fakültənin məzunlarının nazir səviyyəsində işə qəbulunun şahidi oluruq. Bu, həm də bizim üzərimizə məsuliyyət qoyur ki, daha peşəkar kadrlar hazırlayaq”.
 
Görüşdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək işlə təmin edilən məzunlara uğurlar arzulayıblar.
Link kopyalandı!
Son xəbərlər