Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin leytenantı Samir Əliyevin anası Sevda Əlizadə və nənəsi Cəmilə Əlizadə ilə görüşüb.
Milli Məclisdə vətəndaş qəbulu günündə baş tutan görüşdə, şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.
Komitə sədri Azərbaycan dövlətinin, dövlətimizin ali rəhbərliyinin şəhid ailələrinə diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Azərbaycan vətəndaşı, o cümlədən Millət vəkilləri üçün örnək təşkil etdiyini deyib. O, şəhidlərin ailə üzvləri ilə hər bir görüşün onunçün doğma, əziz olduğunu deyib, şəhidin əziz ruhuna dərin ehtiramını bildirib.
Q.Paşayeva şəhid zabitin ailə üzvlərinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Samir Əliheydər oğlu Əliyev (09.08.1999, Zığ, Suraxanı – 29.09.2020, Tərtər rayonu) 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universiteti nəzdindəki Heydər Əliyev adına Hərbi İnstitut) ali hərbi təhsil alıb.
Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Leytenant Samir Əliyev 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid zabitimiz II Şəhidlər Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirən leytenant Samir Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb.
Şəhid zabitimiz həmçinin “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif olunub.
Hövsan qəsəbəsindəki küçələrdən biri "rəşadət" ordenli şəhidi Samir Əliyevin adını daşıyır.
Ruhu şad olsun!