Şəhadətə qovuşan igidlərimizin biri də ADAU məzunudur
Cəmiyyət
4845
14 Sep 2022 | 11:13

Şəhadətə qovuşan igidlərimizin biri də ADAU məzunudur

XTQ-nin baş leytenantı, 2-ci Qarabağ müharibəsinin qəhrəmanlarından biri, “Azərbaycan bayrağı” ordenli Yunis Kazımov da Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızdandır. Ailəsini yaxşı tanıyıram. Bir kəndin adamlarıyıq. Adını daşıdığı babasına dayı demişik. Anamla əmioğlu idi Yunisin Yunis babası.
 
Körpəliyindən güllə səsi ilə böyümüşdü Yunis bala. Axı, Qazax rayonunun Kəmərli kəndi düşmənlə sərhəddə yerləşirdi. Atası Qasım da bir zamanlar döyüşçü-polis olmuşdu. Bu o zamanlar idi ki, hələ milli ordu formalaşmamışdı və torpaqların qorunmasını Azərbaycan polisi təmin edirdi. Çox oddan-alovdan keçmişdi Qasım digər polis yoldaşları ilə. Gecələr evə dönərdisə ilk baş çəkdiyi də atasının adını daşıyan Yunis olurdu. Təbii ki, Yunis gecənin o vaxtı oyaq olmurdu və atası Qasım onu qoxlayıb, yuxudan ayılmasın deyə yüngülcə öpüb sonra yatmağa hazırlaşardı.
İllər ötdü. Yunis də hər səhər sərhəd kəndində eşidilən güllə səsləri ilə böyüdü və bir gün də orta məktəbi bitirib tələbə olmaq arzusunu gerçəkləşdirmək istədi. Tale onu  babasının təhsil aldığı universitetə gətirdi. ADAU-nun yer quruluşu ixtisasına qəbul oldu. Elə mən də onu tələbəlik illərindən tanıdım. ADAU da mətbuat şöbəsinin müdiri işləyirdim. Bir gün səhər iş otağımın qapısı döyüldü. Gəlin dedim. İçəri hündürboylu, ağbəniz bir oğlan daxil oldu. Müəllim, olarmı dedi. Gəl oğlum, buyur, eşidirəm səni. Müəllim, mən Yunisəm. Kəmərlidən Qasımın oğlu. Atam dedi ki, sizinlə tanış olum. Ayağa durub ona yaxınlaşdım. Diqqətlə sifətinə baxdım. Üz cizgilərində babasının izlərini axtardım. Sonra özümə tərəf çəkib alından öpdüm və desənə sənin dayınam dedim. Bir az söhbət etdik. Dərsləri ilə maraqlandım. Bir çətinliyi olub olmadığını soruşdum. Şükür hər şey qaydasındadır dedi. Beləcə oxuduğu 4 ildə onunla tez-tez görüşdük. Vaxt olmayanda isə zəngləşdik. Özündən xəbərsiz onun dərslərinə nəzarət edirdim. İstəyirdim ki adını daşıdığı babası kimi ziyalı, vənpərvər, sözü və əməli bütöv kişi olsun. Bir dəfə isə xırda bir səhfi ucundan möhkəmcə danladım.
 
2015-ci il. Yunis universiteti müvəffəqiyyətlə bitirib məzun oldu. Ondan sonra ara-sıra xəbər tuturdum dayımın adını daşıyan bu baladan. Bir gün də eşitdim ki, Yunis ordu sıralarındadı və peşəkar hərbçi kimi hörmət qazanıb. Hərbi sirrlərə yiyələnməkdən yorulmayıb, Yunis. Nə qədər çətin olsa da bütün tapşırıqları qüsursuz yerinə yetirib. Dəfələrlə atasına xidmət etdiyi hərbi hissədən təşəkkürlər gəlib. Bütün bunlar isə 2-ci Qarabağ müharibəsində onu əsil qəhrəman kimi tanıdıb. Ən başlıcası onu Şuşa qəhrəmanı kimi şöhrətləndirib.. Döyüşdə azad olunan bütün rayonların qəhrəmanı səviyyəsinə yüksəlib. Döyüşün sonunda isə başqa mükafatlarla yanaşı  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti kimi Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Bu mükafat bütün rayon əhalisini sevindirmişdi. Hamı Yunislə qürur duyurdu.
Dünən isə çox acı bir xəbər döydü qapıları. Şəhid igidlərimiz arasında Yunis Kazımov da var idi. Ağır və sarsıdıcı xəbər bir andaca bütün rayonu dolaşdı, hamının içi göynədi, gözləri yaşla doldu. Daha bir atanın dərd yükündən qəddi əyildi. Bir ananın sinəsi dağlandı. Bacıların qardaş fəryadı ərşə bülənd oldu. Yunis hələ körpələrini doyunca qoxlayıb öpməmişdi. Onlardan doymaq bir yana doğru-dürüst üzlərini görməyə belə vaxt tapammırdı.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların hər biri bu millətin fəxr və qürur yeridi. Ermənistan ordusunun son təxribatlarının qarşısını alan igidlərimiz təbii ki, unudulmayacaq. Onlar şəhidliyi ilə millətin qəlbinə yazıldılar. Tarixin şanlı səhifələrində öz yerini tutdular. 
Həmin gün Kəmərli kəndində daha bir igid döyüşçü də şəhidlik zirvəsinə ucaldı. Azər Mustafa oğlu Məmmədov. 20 gün idi ailə həyatı qurmuşdu. Başın sağ olsun Vətən. Bu şəhidlər təkcə valideyinlərinin deyil hər birimizin, ən başlıcası Vətənimizin övladıdır.
 
İnanın ki, mən sözdən bol olan adam yazmaqda çox çətinlik çəkirəm. Neçə dəfə gözlərim doldu-boşaldı. İçim yanır. Sanki övladı şəhid olmuş ata kimi yanıb yaxılıram.
 
Amma bir təskinliyimiz odur ki, bu ölüm əcəlin ölümü deyil, böyük bir millətə şərəf gətirən, onun gələcəyini tənzimləyən şəhidlikdir, ucalıqdır, alilikdir...
Başınızı dik tutun şəhid ataları. Siz bu Vətən üçün elə fədailər yetirmisiniz ki, onlar zaman-zaman yad olunacaq, hər birimizin ruhumuzun aynası kimi dəyişən nəsillərin yoluna işıq salacaqdır.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah səbrini versin, Qasım. Allah səbrini versin, Mustafa.
 
 
Qalib Rəhimli
 
Link kopyalandı!
Son xəbərlər