Bizi sosial şəbəkələrdən izləyin:
UNEC-də universitet büdcəsi hesabına keçirilən ilk qrant müsabiqəsində qalibi olan layihələrin təqdimatı təşkil olunub. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına UNEC alimlərinin töhfəsini stimullaşdırmaq məqsədilə keçirilib.
Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, PAŞA Holdinq-in Makroiqtisadi Tədqiqatlar Departamentinin direktoru Elman Eminov və universitetin professor-müəllim heyəti iştirak edib.
Rektor Ədalət Muradov müsabiqə qaliblərini təbrik edərək, UNEC-in tədqiqat universitetinə çevrilməsinin universitetin strateji hədəflərindən biri olduğunu diqqətə çatdırıb. O, qrant müsabiqəsinin pilot layihə olaraq, universitet büdcəsi hesabına keçirildiyini və müsabiqə mövzularının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq müəyyən edildiyini bildirib. Rektor layihələrin qiymətləndirilməsində şəffaflıq və obyektivliyi təmin etmək məqsədilə qiymətləndirmə komissiyasının üzvlərinin ölkənin tanınmış iqtisadçıları arasından seçildiyini vurğulayıb. Müsabiqədə 7 layihənin qalib olduğunu deyən rektor, gələcəkdə xarici qrantlara da müraciət ediləcəyini bildirib.
PAŞA Holdinqin Makroiqtisadi Tədqiqatlar Departamentinin direktoru Elman Eminov qrant layihələrinin qiymətləndirilməsinin meyarlarını açıqlayaraq, qiymətləndirmə prosesində şəffaflıq və obyektivlik prinsipinin əsas götürüldüyünü deyib. Holdinq rəsmisi layihələrin mövzularının aktuallığına diqqət çəkərək, qalib olan layihələrin ölkəmiz üçün faydalı olacağından əminliyini ifadə edib.
Sonra UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə layihələrin müəllifləri təqdimatla çıxış ediblər. Qalib layihələr "Universitet-Dövlət-Sənaye əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?", "Məsaməli metal oksid nanokompozitlərinin hazırlanması və fiziki-kimyəvi xassələrinin tətbiqi", "İşğaldan azad edilmiş ərazilərdə regionun innovativ inkişafını dəstəkləyəcək müasir universitet modelinin - Qarabağ universitetinin yaradılması", “Qlobal datalar əsasında Azərbaycanın sosial-iqtisadi inkişafına ölkənin imici və reputasiyasının təsirinin tədqiqi və qiymətləndirilməsi", "Zəngəzur dəhlizi çərçivəsində nəqliyyat infrastrukturuna investisiyanın iqtisadi təsirləri", "Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf istiqaməti kimi rəqəmsal təhsil məhsullarının (resurslarının) reallaşdırılması" mövzularında olub.