Bizi sosial şəbəkələrdən izləyin:
Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.
Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən növbəti köç karvanı yola salınıb.
Ağalı kəndinə köçənlərin sırasında olan Şıxnəsib Mahmudov təəssüratlarını Trend-lə paylaşıb.
"Bu gün çox sevincliyik, çünki doğma yurdumuza qayıdırıq. Biz neçə ildir ki, bu günləri gözləyirdik. Bu günə görə ilk növbədə şəhid analarına, şəhid atalarına, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdaram. Sevincimi ifadə etmək mənim üçün olduqca çətindir", - Ş.Mahmudov vurğulayıb.
Ağalı kəndinə bu gün köçməyə hazırlaşan Məhəmməd Mənsumov Trend-ə deyib ki, Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə keçirdiyi hisləri ifadə etmək qeyri-mümkündür.
"Səbirsizliklə kəndimizə köçəcəyim günü gözləyirdim. Nəhayət həmin gün yetişdi. Zəngilana köçmək bu otuz ildə mənə yaşadığım bütün ağrıları unutdurur. Mənə bu sevinci yaşatdıqlarına görə, Azərbaycan Ordusuna və Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevə təşəkkürümü bildirirəm",- deyə M.Mənsumov bildirib.
Qeyd edək ki, bu gün Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə daha 63 nəfər - 12 ailə köçürülüb.