Cəmiyyət
3518
06 Sep 2022 | 11:09

"Bu, siyasi oyunbazlıqdan başqa bir şey deyil "

Qüdrət Həsənquliyev: “O da digər erməni “siyasi liderlər” kimi erməni xalqının qanı hesabına sülh prosesinə ziyan vurmaq və bu xidməti qarşılığında hakimiyyət əldə etmək istəyir”
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytının sorğusunu cavablandırıb. Sorğunu və Qüdrət Həsənquliyevin cavabını oxuculara təqdim edirik:
 
- Qüdrət bəy, Ruben Vardanyan mətbuata verdiyi yeni açıqlamada deyib ki, Qarabağda döyüşlərdə iştirak etmədiyindən qonşularla ksenofobiya və qarşılıqlı nifrətə əsaslanmayan münasibətlər qurmağa çalışacaq və onunla münasibət qurmaq daha asan ola bilər. O bununla hansı mesajları vermək istəyir və bu tipli açıqlamaların perspektivi varmı?
 
- Dünyada yaşayan istənilən erməni və onları dəstəkləyən insan anlamalıdır ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və həmin ərazidə yaşayan etnik ermənilərə hər hansı siyasi status verilməyəcək. 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub və onun ərazisində yeni Xocavənd, Ağdərə, Xocalı, Şuşa kimi respublika tabeli rayonlar, Xankəndi və Şuşa kimi respublika tabeli şəhərlər yaradılıb. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən istənilən erməni siyasi baxımdan məqsədəuyğun hesab olunarsa Prezident tərəfindən erməni sakinlərin çoxluq təşkil etdiyi həmin rayonlardan birinə, yaxud Xankəndi şəhərinə icra başçısı təyin oluna bilər, yaxud yaşadığı inzibati ərazi vahidində bələdiyyə üzvü seçilə bilər. Ruben Vardanyan Qarabağda yaşamaq və ermənilərin xoşbəxt həyatını, Ermənistanla Azərbaycan arasında sülhə töhfə vermək istəyirsə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını bəyan edib Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməli və Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasına kömək etməlidir. Başqa variantda özünü təqdim etmə siyasi oyunbazlıqdan başqa bir şey deyil və heç bir perspektiv vəd etmir. Hesab edirəm, o da digər erməni “siyasi liderlər” kimi erməni xalqının qanı hesabına sülh prosesinə ziyan vurmaq və bu xidməti qarşılığında hakimiyyət əldə etmək istəyir, bu məqsədlə xüsusi missiya ilə Xankəndiyə gəlib.
Link kopyalandı!
Son xəbərlər