Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ləğvi təklif olunur. Bildirilir ki, məzunlar orta təhsil müəssisələrində əldə etdikləri nəticələrə əsasən, universitetlərə qəbul olunmalıdır.
Bu barədə Modern.az-a danışan professor, təhsil üzrə ekspert Şahlar Əsgərov qəbul imtahanlarının ləğv edilməsi ilə bağlı təklifləri dəstəklədiyini bildirib. O hesab edir ki, ali məktəblərə qəbul əlçatan olmalıdır.
Professor qəbulun attestatla aparılmasının tərəfdarı olduğunu söyləyib:
“Ali məktəblər giriş qapılarını abituriyentlər üçün geniş açmalı, çıxış qapılarını isə daraltmalıdır. Mən güman edirəm ki, qəbul imtahanla yox, attestatla olmalıdır. Bu, həm də məktəblərdə dərslərin daha yaxşı keçirilməsinə səbəb olacaq”.
Şahlar Əsgərovun fikrincə, ali məktəblərə qəbul üçün tətbiq olunan test imtahanları özünü doğrultmayıb:
“Test özlüyündə o qədər də pis deyil. Ancaq onun mənfi tərəfləri daha çoxdur. Test imtahanları repetitorluğun baş alıb getməsinə səbəb oldu. Yuxarı siniflərdə dərslər keçirilmir. 9-10-11-ci siniflərdə dərslər keçirilmir. Şagirdlər ancaq hazırlaşdıqları qrupların dərslərini repetitor yanına gedərək oxuyurlar. Məktəbdə keçirilən dərslərə o qədər də əhəmiyyət vermirlər”.
Ekspert bu mənada düşünür ki, universitetlərə qəbul attestatla aparılsa, orta məktəblərdə təhsilin səviyyəsi yüksələr və gələcək üçün peşəkar kadrlar formalaşar.