Əlavə ödəmələr müəllim və məktəb rəhbərliyinə nə qazandıracaq?
Cəmiyyət
2657
24 Aug 2022 | 19:31

Əlavə ödəmələr müəllim və məktəb rəhbərliyinə nə qazandıracaq?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb.
 
Bəs bu əlavə ödəmələr müəllim və məktəb rəhbərliyinə nə qazandıracaq?
 
“Qafqazinfo” bu sualın cavabı ilə bağlı bir sıra səlahiyyətli şəxslərin açıqlamasını təqdim edir:
 
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov:
 
“Qərarı  bəyənirəm və inanıram ki, çox müsbət dəyişikliklərə səbəb olacaq. Düşünürəm ki, müharibə vaxtı cəbhə komandirləri hansı önəmi daşıyırsa, sülh dövründə də məktəb direktorları həmin önəmi daşımalıdırlar.
 
Əməkdar müəllim Asif Cahangirov:
 
“ Mən hər zaman təhsil işçilərinin aylıq maaşlarının artırılmalı olduğunu diqqətə çatdırmışam. Şadam ki, bu məsələyə önəm verildi. Məktəb rəhbərlərinin aylıq maaşlarına əlavə əhəmiyyətli dərəcədə artırıldı. Əvvəl çox şagirdi olan məktəbin direktoru ilə az şagirdi olan məktəb direktoru eyni maaş alırdı. İndi amma onlar arasında əhəmiyyətli dərəcədə fərq olacaq. Əminəm ki, bu, direktorların işində keyfiyyət artımı ilə nəticələnəcək. Ancaq bu qərardan sonra da məktəbdə hansı müsbət dəyişikliklərlə nəticələndiyini ölçmək lazımdır.
 
Bundan başqa, sertifikatlaşmadan keçən müəllimlərlə bağlı verilən qərar da gözəl təşəbbüsdür. MİQ imtahanından keçən müəllimlər 5 il bu prosesdən azad olduqları üçün bu əlavələrin onlara şamil olunmamasından narazıdırlar. Düşünürəm ki,  MİQ imtahanından keçmiş bütün müəllimlərə 10 faiz əlavə tətbiq edilə bilər. Ancaq 35 faiz əlavə istəyən müəllim sertifikasiyadan keçməlidir.
 
Keçmiş təhsil naziri Misir Mərdanov:
 
“Atılan ən uğurlu addımlardan biridir. Məktəb direktorlarının maaşının artımı çox vacib idi.  Müəllimlərin də maaşlarına sertifikasiya nəticələrinə əsasən edilən əlavələr təhsil sahəsində uğur üçün təkanverici hadisədir».
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova: “Mən də tərəfdarıyam ki, əməkhaqqı görülən işin müqabilində müəyyənləşsin. Hesab edirəm ki, maaşlara əlavələr bərabərsizliyi aradan qaldıracaq, stimullaşdırıcı təsir göstərəcək. Bu yanaşma müəllimlər üçün də keçərlidir. Sertifikasiya daha yaxşı, daha savadlı, daha bacarıqlı olanları fərqləndirəcək”.
 
Millət vəkili Fazil Mustafa:
 
“Düşünürəm ki,  qabiliyyətli, şagirdə yaxşı təhsil vermək bacarığı olan müəllimlər hər zaman fərqləndirilməlidir. Sertifikatlaşmadan keçən və 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqısına 35 faiz əlavənin edilməsi onları stimullaşdıracaq ki bu prosesə daha ciddi hazırlaşsınlar və bütün biliklərini ortaya qoya bilsinlər.
 
Bundan başqa, şagird sayı çox olan təhsil müəssisəsinə rəhbərlik edən direktor daha çox enerji sərf edir. Bu baxımdan onları da fərqləndirmək lazım idi. Bütün bunlar məktəblərdə müsbət abu-havanın yaranmasına səbəb olacaq”.
 
“Hədəf” liseyinin direktoru Şəmil Sadiq:
 
Bu, təhsildə maaş mövzusunda ilk atılan ciddi addımdır: “Qərara əsasən, məktəb direktorunun maaşı minimum 1200, maksimum 2100 manat olacaq. Bu da təbii ki məktəbdə təhsil alan şagirdlərin sayına uyğun olaraq tənzimlənəcək. Düşünürəm ki, özəl təhsil sektoru ilə rəqabətdə qalib gəlmək üçün ilk görüləcək iş maaşların bərabərləşdirilməsi idi. Və bu yöndə də addım atıldı.
Link kopyalandı!
Son xəbərlər