Bizi sosial şəbəkələrdən izləyin:
"Otuz ildir ki, bu cənnət məkanların təəssüratı ilə yaşamışam".
Bunu "Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında yerli sakin Akif Həsənov deyib
Rayonun Ağbulaq kənd sakini söyləyib ki, illər sonra doğma torpaqlarına ayaq basdığı üçün sevincinin həddi-hüdudu yoxdur:
"Təkcə gözəlliklər həsrəti ilə yox, mənəvi dəyərlərin özünəməxsus olduğu, insani münasibətlərin özünəməxsus olduğu bir məkana yenidən qovuşmuşuq. Bu gün çox fərəhli və duyğulu bir gündür. Biz bu həsrəti yaşaya-yaşaya, həm də bunun səbəbkarı olan, mənfi mənada hər sözə layiq olan ermənilərə qarşı 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırdıq. Uzun illər məhkəmə çəkişməsi apardıq. Çox şükürlər olsun ki, nəticə etibarilə Azərbaycan tarixində ilk dəfə olaraq, hüquqi müstəvidə ermənilərin işğalçı bir xalq və dövlət kimi tanınmasına nail olmuşuq".
Qeyd edək ki, 6 nəfər laçınlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınıblar. Həmin məcburi köçkünlər bugünlərdə doğma Laçın rayonuna səfər ediblər.