Deputatdan ilginc təklif:
Cəmiyyət
5273
08 Aug 2022 | 06:52

Deputatdan ilginc təklif: ""Azərreyl" əvəzinə "Zəngəzur" daha diqqətçəkici olmazdımı?" 

ZƏNGƏZURDAN İRƏVANADƏK...
 
Qərbi Azərbaycan icması yaradıldı. Təqdirəlayiq bir prosesə start verildi. Ermənistan üçün mənəvi-psixoloji problemlər yaratmağı fasiləsiz gerçəkləşdirməliyik. Televiziya, radio, internet resursları üçün lazımi vəsait ayrılmalıdır. Ermənistan məkanında iddialarımızı davamlı canlı tutmalıyıq. Danışıqlar masasında Qərbi Azərbaycan icmasının yer almasını hər dəfə diplomatik çevrələrdə, beynəlxalq təşkilatlarda aktuallaşdırmalıyıq. Bununla belə, özümüzə aid olan bir təcrübədən də istifadə etməliyik. Fəxrimiz, qürurumuz olan "Qarabağ" futbol komandamız var. Azərbaycanın Qarabağ davasını bu komanda qədər dünyada təbliğ edən hansısa ictimai-siyasi qurum olmadı. Heç öz meydançasının üzünü görmədən orada-burada qürbətçi kimi oynadı, beynəlxalq yarışlara qatıldı, hər dəfə xatırlatdı ki, Azərbaycanın Qarabağ bölgəsi işğal altındadır. Hələ ermənilərin əhvalına hər dəfə adı səslənəndə necə soğan doğrandığını, başlarına qapaz vurulduğunu demirəm. Baxın, bizim milli futbol çempionatında əvvəllər "Rəvan" komandası vardı, sonradan adını dəyişdilər. Köklü komandalarla işim yox, Qəbələ, Neftçi, Şamaxı, Gəncə, Turan və s. başqa, ancaq "Sabah", "Səbayel" və başqa konkret adları ehtiva etməyən komandalara "Zəngəzur", "İrəvan" adlarını verib beynəlxalq yarışlarda yer almasına çalışmaq lazım. Qərbi Azərbaycan ideyasının bu yolla təbliği yaxşı effekt verərdi. Elə voleybolda da düşünülə bilər, "Azərreyl" olmasın, "Zəngəzur" olsun, daha diqqətçəkici olmazdımı? Universitet adları da eləcə. Nə qədər Nizami, Füzuli, Nəsimi, Nərimanov küçəsi, metrosu, parkı olar, Zəngəzur, İravan adını bu istiqamətdə də populyarlaşdırmaq vacibdir. İri bir prospektə niyə bu adlardan birini verməyək? Hələ bir azdan elmini təhsil almağa göndərdiyimiz Elmlər Akademiyası ancaq metro stansiyası kimi işləyəcək, yəni düşünməyə mənbələr yetərincə var.  Yəni Qərbi Azərbaycan ideyasının gerçəkləşməsi üçün siyasi məkan hələ ki, real deyil, ancaq mədəni, diplomatik məkanlar mövcuddur, axtarış aparsaq daha fərqli sahələri də tapa bilərik. Gər ki, start vermişik, o halda böyük bir milli ideyaya həm ciddi, həm də hərtərəfli yanaşmalıyıq ki, öləziməsin.
 
Fazil Mustafa, Millət vəkili
Link kopyalandı!
Son xəbərlər