Əllərinin zəhməti ilə yaşayanlar - FOTOLAR
Cəmiyyət
3799
19 Jul 2022 | 11:17

Əllərinin zəhməti ilə yaşayanlar - FOTOLAR

Bəxtiyar Məmmədhüseyn oğlu Hüseynov 1956-cı ildə dekabrın 11-də Bakıda ziyalı ailəsində doğulub, orta məktəbi Bakı şəhərində (1964-1974) 220 saylı bitirdikdən sonra 1975-ci ildə Ə.Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbinə daxil olub. 1981-ci ildə Bədii tərtibatçı rəssam ixtisası üzrə təhsilini bitirib. Həmin ildən Azərbaycan Bədii Yaradıclıq fondunda mozaikaçı rəssam kimi fəaliyyət göstərib. Bakı şəhərində metro stansiyasında (Nərimanov metrosunda Nərimanovun portreti) və ölkəmizin bir çox başqa ictimai yerlərində şəxsi yaradıcılıq işləri var. 
Mozaika eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və pilitələrdən hazırlanmış incəsənət növüdür. Daş tavanlara, döşəmələrə, hasarlara, divarlara çəkilən əsərlər monumental-dekorativ sənətinin qiymətli nümunələridir. Bu sahədə Azərbaycanda yeganə mütəxəssis Bəxtiyar Hüseynovdur ki, ömrünün böyük hissəsini bu işə həsr edib, xalqımıza qiymətli əsərlər bəxş edib. 
Bəxtiyar Hüseynovun yaratdığı əsərlər bu gün ölkəmizin küçələrində, hamamlarda, metrolarda və s. digər mədəniyyət mərkəzlərində qiymətli sənət əsəri kimi nümayiş olunur. Havanın soyuğunda, istisində əllərin zəhməti ilə yaradılan əsərlər yalnız Vətənə məhəbbətdən yarana bilər.
Şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarını bir araya toplayaraq, onlardan xalça, insan portreti, təbiət təsvirləri yaratmaq həqiqətən heyrətamizdir. Kiçik daşlardan yığılmış əsərlərə ruh, işıq və can vermək isə yalnız rəssamın mahir usta olmasına dəlalət edir.  
Həmçinin qeyd edim ki, Bəxtiyar Hüseynovun lirik şeir növü olan qəzəlləri mütaliə etməyə gənclik illərindən həvəsi olmuşdur. Bu həvəslə də 40 yaışından başlayaraq dini tərbiyəvi mövzuda qəzəllər yazmağa başlamış, bədii məclislərdə vaxtaşırı iştirak etmişdir. Lakin B.Hüseynov özünü ən çox rəssam kimi qiymətləndirdiyi üçün heç vaxt qələmə aldığı qəzəlləri ictimailəşdirmək istəməmişdir. Onun rəssamlıq yaradıcılığı kimi ədəbi yaradıcılığı da özünəməxsus dərəcədə diqqəti cəlb edir.
Mən onun qəzəl yaradıcılığı ilə tanış olanda rəssamın nə qədər gözəl əsərlər yaratması ilə bərabər, ədəbiyyata vurğunluğunun da şahidi oldum. Bəxtiyar Hüseynovun ilk dəfə olaraq qəzəllərini mətbuat səhifəsinə çıxarmaq, oxuculara təqdim etmək istədim. 2019-cu ildə “Xəzan” ədəbi-publisistik jurnalda ilk dəfə olaraq onun seçilmiş qəzəllərini oxucularımıza çatdırdım. 
Lakin çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu yaradıcı insan heç bir zaman dövlət tərəfindən mükafatlandırılmamış, diqqətdən kənarda qalmışdır. Qəribədir ki, biz dünyadan köçəndən sonra dəyərli insanların axtarışına düşürük. Olmaz ki, elə şair demişkən sağlığında qiymət verək insanlara?! Onların yaradıcılığı ilə maraqlanaq, mükafatlandıraq, onlara stimul verək. Dövlət tərəfindən qayğı göstərilsə bu sənəti davam etdirmək üçün zənnimcə bir məktəb də yaratmaq olardı. Ölkəmizdə yeganə mahir usta əllərinin qabarı ilə yaradılan bu əsərləri dövlət qeydiyyatına almaq, onları qorumaq, mühafizə etmək lazımdır. Bu yaxınlarda nə vaxtsa yaratdığı Nizami Gəncəvinin əsərini hansısa bir şirkət tətəfindən dağıldığını görən Bəxtiyar Hüseynov televizya qarşısında çıxış eədərək çox məyus olduğunu bildirdi. Televiziyanın köməkliyi ilə əlaqədar qurumlar xəbər tutdu, bu işə məsuliyyətlə yanaşıb, dağıdılmış əsərin yenidən bərpasını Bəxtiyar Hüseynova həvalə etdilər, tezliklə əsər hazırlanıb başa çatdı. İnanıram ki, elə bu yazımdan sonra da Bəxtiyar Hüseynovun yaradıcılğı ilə müvafiq qurumlar maraqlanacaq, bu dəyərli rəssamın xalqımız üçün yaratdığı əsərlərə yenidən baxılacaq, onun zəhmətinə isə dövlət tərəfindən qiymət veriləcək.  
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər