“Heydər Əliyev Süleyman Dəmirələ dedi ki, bunların rəqsinə baxıb sonra gedək...”
Cəmiyyət
3060
10 May 2022 | 15:10

“Heydər Əliyev Süleyman Dəmirələ dedi ki, bunların rəqsinə baxıb sonra gedək...”

“Ulu Öndər Heydər Əliyevlə bağlı bir xatirəni sizinlə bölüşmək istəyirəm.Türkiyəyə yeni gəldiyim illər idi, hardasa 4-5 il olardı. Burdakı bir çox rəqs kollektivlərində musiqi rəhbəri olaraq çalışdığım zamanlardı. Azərbaycan folklorunu türk gəncliyinə öyrədən bir çox mədəniyyət evləri var idi. Bizə xəbər verdilər ki, bir neçə gün sonra Türkiyəyə Azərbaycanın yeni seçilmiş prezidenti Heydər Əliyev gələcək və onu qarşılamaq üçün hava limanında olmalısınız”
 
Bunu Moderator.az-a açıqlamasında hazırda Türkiyədə yaşayan Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov deyib. Əlixan Səmədov Ulu Öndər Heydər Əliyevlə bağlı tarixi hadisəni bizimlə bölüşüb:
 
“Kollektivdə tək azərbaycanlı mən olduğum üçün on beş dəqiqə proqrama mədəniyyətimizin ən populyar rəqslərindən olan “potpori”ni hazırlayaraq məşqlərimizə başladıq. Nəhayət həmin gün gəldi və Türkiyə dövləti tərəfindən bizə ayrılan avtobuslarla hava limanına getdik. O zaman Türkiyənin prezidenti Süleyman Dəmirəl idi.
 
Azərbaycandan gələn təyyarənin bir neçə dəqiqə sonra burda olacağını deyincə, hava limanında bir təlaş başlandı. Bir də baxdıq ki, prezident Süleyman Dəmirəl də bizimlə bərabər Heydər Əliyevi gözləyir. Onda ilk dəfəydi ki, Süleyman Dəmirəli yaxından görürdüm. Rəqs kollektivinin rəhbəri dedi ki, Əlixan bəy, artıq sənin iki prezidentin var, necə də xoşbəxtsən, bir azdan ikisini də birdən görəcəksən. Onda çox duyğulandım. Nəhayət Heydər Əliyevin olduğu təyyara hava limanına endi və o təyyarədən düşəndə gözü bizdə idi. Çünki qarşısında Azərbaycanın milli rəqs geyimində onu musiqiçilər gözləyirdi. Onun üçün də bu böyük bir sürpriz oldu. Elə bu vaxt hörmətli Süleyman Dəmirəl Heydər Əliyevin qoluna girərək helikopterə tərəf aparmağa başladı. Ancaq biz onların danışığını eşidirdik. Heydər Əliyev Süleyman Dəmirələ dedi ki, “Bunların rəqsinə baxıb sonra gedək”. Süleyman Dəmirəl isə dedi ki, “işimiz çoxdur, sonra tamaşa edərik”. Amma elə Heydər Əliyevin gözü bizdə qaldı. Təəssüf ki, biz proqramı icra etmədən geri döndük. Yolda musiqi rəhbərimiz dedi ki, “Əlixan bəy, nə yaxşı prezidentiniz var, sənəti, musiqini sevən, biz proqramı icra etməsək də başıyla bizə təşəkkür etdi. Biz bunu hiss etdik”. O zaman çox qürurlanmışdım və həyatım boyunca heç utanmadım. Çünki sənətə çox dəyər verirdi. Allah hər iki prezidentimizə rəhmət eləsin!”.
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər